Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1213/2024 11.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1986-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Salyan rayon Plastmas zavodunda sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan 11 dekabr 2024-cü il tarixli, MN № 1954160/1076 və MN № 1988362/1077 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 11 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 11 dekabr 2024-cü il tarixdə məhkəməyə gətirilmişdir. MN seriyalı 1954160/1076 nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallara əsasən, vətəndaş Şəxs xx.xx.2024cü il tarixdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. MN seriyalı 1988362/1077 nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində T.Xəlilbəyli küçəsində ucadan nalayiq söyüşlər söymüşdür. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 11 dekabr 2024-cü il tarixli, MN № 1954160/1076 və MN № 1988362/1077 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 bildirmişdir ki, protokolu müdafiə edir. Bu gün müvafiq sənədlər ona təqdim edilmişdir. Sənədlər əsasında araşdırma apardıqdan sonra protokollar tərtib edərək, inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirmişdir. Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, dünən spirtli içki qəbul etmişdir. Bu səbəbdən polis əməkdaşlarının göstərişinə tabe olmamışdır. Söyüş söydüyünü xatırlamır. Əməlindən peşmandır. 8 aylıq, 11 və 15 yaşlarında uşaqları var. Dünən polis əməkdaşları tərəfindən Salyan RPŞ-nə gətirilmiş və gecəni orada saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin DYPB-nin inspektoru X3 izahatında bildirmişdir ki, işıqforun qadağanedici siqnalının yanmasına baxmayaraq Şəxs hərəkətini davam etdirmiş, onun saxla göstərişinə məhəl qoymamış, yolun hərəkət hissəsində təmir işləri getdiyini, həmin hissədə hərəkətin məhdudlaşdırılmasına baxmayaraq, o həmin hissədən keçərək uzaqlaşmışdır. Bir qədər sonra sürücünü X.R.Ulutürk küçəsində saxlayarkən sürücünün sərxoş olduğunu və avtomobili idarə etməsi üçün müvafiq etibarnamənin olmadığını müəyyən etmişlər. Avtomobil dayanacağa təhvil verilmiş, bu zaman sürücü onların ünvanına nalayiq ifadələr işlətmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, Salyan RPŞdə onun barəsində yazılmış raportla tanış olmuşdur. Bununla bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, H.Əliyev küçəsində idarə etdiyi Peugeot markalı **- UC-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən DYP-nin əməkdaşı ona saxla işarəsi vermiş, o buna məhəl qoymayaraq oradan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları T.Xəlilbəyli küçəsində maşını orada görüb ona yaxınlaşaraq özlərini təqdim edərək etdiyi qayda pozuntusunu izah etmişlər. Bu zaman o içkili olduğu üçün hərəkətlərinə nəzarət edə bilməmiş, aqresiv hərəkətlər edib polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları onu Salyan RPŞ gətirmişlər. Etdiyi əmələ görə çox peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor-AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 23:14-də çap edilmiş qəbzdən görünür ki, müayinə nəticəsində Şəxs qəbzi imzalamışdır. Qəbzdə alkoqol tərkibi 1.583 % olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə protokoldan görünür ki, Şəxs saxlanılarkən spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi üçün tibbi müayinəyə göndərilmişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində T.Xəlilbəyli küçəsində ucadan nalayiq ifadələr işlətməsi və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də, həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə T.Xəlilbəyli küçəsində ucadan nalayiq ifadələr işlədərək və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 10 dekabr 2024-cü il tarixdən saat 23:14-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən saat 23:14-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1213/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1213/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver