Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1240/2025 19.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 19 noyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 19 noyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 19 noyabr 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4924/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs ödənilməmiş qalan 2200 manat aliment borcunu Zərərçəkmiş şəxs tam qaydada ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, 14 noyabr 2022-ci il tarixli Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən hər ay 193 manat aliment məbləğinin Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Hazırda borclu Şəxs bugünə olan aliment borcu 2200 manat təşkil edir. Noyabr ayının 13-də 100 manat məbləğində pul ödəmişdir. Tələbkar ilə əlaqə saxladıqlarını, Bakı şəhərində yaşadığı üçün ehtiyac olarsa telefon vasitəsilə prosesə qoşula biləcəyini bildirmişdir. Borclu barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, rəsmi nikah münasibətlərində olmuşvə tərəflər arasında olan rəsmi nikah 2022-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş X1 üçün hər ay olmaqla 193 manat məbləğində aliment kəsilmişdir. Onun tərəfindən həmin aliment məbləğinə münasibətdə hissə-hissə ödənişlər edilmişdir. Tələbkar Günel xanımın ata və anası Rusiya Federasiyasında yaşayır və o, uşaqları ilə birlikdə birdəfəlik ora getmək istəyir. Onunla şərt kəsmişdir ki, uşağından imtina etsə, o da aliment məbləğini tələb etməkdən imtina edəcəkdir. Aliment borcunun silinməsi ilə bağlı ərizə təqdim edəcəkdir. Ona görə də, məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. Məkhəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hazırda Zərərçəkmiş şəxs ona qarşı “valideynlik hüququndan məhrumetmə ilə bağlı” iddia tələbi yoxdur. Sadəcə tələbkar uşağın ölkədən çıxarılmasına valideyn olaraq atadan icazə istəmiş lakin onun tərəfindən icazə verilmədiyindən müvafiq icra məmuruna müraciətlər etmişdir və onun nəticəsində hazırki inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4924/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq 193 manat hər ay sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4924/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş Şəxs ərizəsindən görünür ki, o xx.xx.2015-ci il tarixdə doğulmuş X3 atalığından məhrum olunması ilə bağlı etiraz etmir. İş materiallarında olan Şəxs izahatının ksero surətindən görünür ki, icra sənədi barədə məlumatı var. İşləmədiyi üçün icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməmişdir. İcra sənədi üzrə bugünədək 5713 manat ödəniş etmiş, hazırda 2200 manat borcu vardır. Qarşı tərəfin şərti ilə razılaşdığı üçün ödəniş etməyəcəkdir. Adına rəsmişləşdirilmiş daşınar və daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və əmanətləri yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, borclu Şəxs tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcu lazımi qaydada ödənilməmiş və bunun nəticəsidiri ki, hazırda onun 2200 manat miqdarında aliment borcu yaranmışdır. Borclu bu günədək müxtəlif vaxtlarda olmaqla ümumilikdə 5713 manat məbləğində aliment ödəmiş, lakin hazırda onun 2200 manat borcu qalmışdır. Belə olan halda borclunun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır və onun maddi vəziyyətini pisləşdirməklə bərabər daha da maddi yüklənməsi ilə nəticələnəcəkdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclunun cərimə olunaraq müəyyən məbləğdə əvəzsiz olaraq dövlət büdcəsinə müəyyən məbləğdə ödəniş etməsi, hazırda protokolun tərtib olunmasına səbəb olan aliment borcu ilə, daha doğrusu yetkinlik yaşına çatmayan uşağın saxlanması ilə əlaqədar aliment məbləğinin uşağa deyil dövlət büdcəsinə yönləndirilməsinə səbəb olacaqdır ki, bu hal isə uşağın mənafeyinin üstünlüyünə xidmət etməyəcəkdir. Borclu barəsində mütənasib olmayan inzibati tənbehin tətbiq edilməsinə gətirib çıxaracaqdır. Ona görə də, məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq sayır. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 19 noyabr 2025-ci il tarixdə, saat 16:00-dan hesablansın. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-1240/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1240/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver