Məhkəmə qərarları › İş №3(057)-1247/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1247/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1247/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 8-də yerləşən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiallara açıq Salyan rayon məhkəməsinin binasında məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC 2,488,522 RUB məbləğində vəsaiti 10 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 2,488,522 RUB məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 noyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə 10 dekabr 2024-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatında bildirmişdir ki, Rusiya Federasiyası Krasnodar Diyarı Eysk şəhərində yerləşən "xxxx" MMC ilə aralarında bağlanmış S001-2022 saylı 23 avqust 2022-ci il tarixli Kontrakt və ona edilmiş 1 saylı Əlavə əsasında tərəflərindən idxal olunacaq buğdaya görə 2022-ci ilin avqust — dekabr aylarında "xxxx" MMC-nin bank hesabına Turan Bank vasitəsilə ümumilikdə 42020532,00 rus rublu (hissə-hissə) məbləğində vəsait köçürülmüşdür. 2022ci ilin 21-24 oktyabr ayında 2059,83 ton çəkidə (30 vaqon) , 42020532,00 rus rublu dəyərində buğda ünvanlarına daxil olmuş və Şirvan Gömrük postunda gömrük rəsmiləşdirilməsi proseduru həyata keçirilərək müəssisənin anbarlarına yüklənmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmişdir. Həmin səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və MMC-nin xx.xx.2022-ci il tarixli 2,488,522 RUB avans köçürməsi üzrə malların idxal olunduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim olunmuş müqavilə, gömrük bəyannamələri və köçürmə sənədləri göstərir ki, xx.xx.2022 tarixində köçürülmüş məbləğ müqavilə şərtlərinə uyğun olaraq buğdanın idxalına yönləndirilmişdir. Gömrük bəyannamələri idxal əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini təsdiq edir. Köçürmə məbləği (2,488,522 RUB) və gömrük bəyannamələrində göstərilən idxal olunan malların dəyəri arasında birbaşa əlaqə mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.1-114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar