Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1253/2024 23.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Əliyev Vüqar Bəxtiyar oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Rafiq oğlunun iştirakları ilə xx.xx.1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İşəgötürən yanında sürücü, yükdaşıyan vəzifəsində işləyən, Vətən müharibəsi iştirakçısı, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 23 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 23 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 23 dekabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-1222/2024 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 1242 manat pulu X2 ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək göstərmişdir ki, icra sənədinə əsasən borclu 1240 manat tələbkara ödəməlidir. İcra sənədi icraatına daxil olduqdan sonra lazımi qaydada Şəxs məlumat verilmişdir. 22 noyabr 2024-cü il tarixdə borclu İcra Şöbəsinə gəlmiş icraata başlamaq haqqında qərarla tanış olmuşdur. Tələbkarla razılaşmaq istədiyini bildirmişdir. Lakin sonradan çağırışlara gəlməmiş və bu səbəbdən barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilmişdir. Tələbkarla əlaqə saxlanılmış, o borcunu tələb etdiyini bildirmişdir. Ona görə də, Şəxs barəsində tərəfindən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, tələbkara məxsus yük avtomobili ilə yük daşıyarkən artıq yük daşıdığı üçün inzibati məsuliyyətə cəlb edilərək 600 manat məbləğində cərimə olunmuşdur. Barəsində olan inzibati xətalardan biri Salyan Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. 1200 manat məbləğində cərimə tələbkarın təqsiri üzündən baş vermişdir. Tələbkar ondan tələb etmişdir ki, artıq yük daşısın, ona görə də inzibati məsuliyyətə cəlb olunmuşdur. Hazırda sürücü kimi işləyir, 350-400 manat əmək haqqı alır. 44 günlük “Vətən Müharibəsində” iştirak etmişdir. Fizuli və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, inzibati iş üzrə borcludur. Borcu ödəməyə razıdır. Hər ay hissə-hissə borcundan ödəyəcəkdir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1222/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1205 (min iki yüz beş) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 32.05 (otuz iki manat beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun axtarılması barədə” qərarından görünür ki, borclu xx.xx.1991-ci il tarixdə Salyan rayonunda doğulmuş və Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, icra sənədi barədə xəbərdardır. Məhkəmə qərarından narazıdır. X1 cəmi 400 manat borcu vardır. İcra sənədi üzrə bu günədək ödəniş etməmişdir. O, ancaq 400 manat məbləğində pulu ödəyəcəkdir. Qalan cərimə pulunu ödəməyəcəkdir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 2(057)-1222/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1253/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1253/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver