Məhkəmə qərarları › İş №3(057)-1254/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1254/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1254/2024 23.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 23 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 23 dekabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-885/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs Zərərçəkmiş şəxs 680 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 göstərmişdir ki, borclu Şəxs icra sənədi üzrə ödəməli olduğu borcunu ödəmir. Şəxs 680 manat aliment borcu olduğunu, tələbkar Zərərçəkmiş şəxs şikayətçi olduğundan Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq, 2022-ci ildə 2 ay üçün hesablanmış və 2024-cü ildə yanvar və iyul ayı üçün hesablanmış aliment borcları üzrə ödəniş qəbzlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir borcunu ödəməkdən imtina etmir, əksinə hər ay vaxtıvaxtında aliment ödənişlərini etmişdir. Hətta məhkəmə qətnaməsi ilə 130 manat müəyyən olunmasına baxmayaraq, o, hər ay 150 manat ödəniş etmişdir. Bu vaxta kimi ümumilikdə 6470 manat aliment ödəmişdir. Zərərçəkmiş şəxs son 4 ildə 4 ay üçün hesablanmış alimenti tələb etsə də, o həmin alimenti cavabdehin anasının kartına ödəmişdir. Lakin qəbzləri saxlamadığı üçün bunu icra məmuruna təqdim edə bilməmişdir. Sonuncu aliment ödənişini də bu ay bir neçə gün öncə ödəmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında son 4 il üzrə ödənilməmiş qalan 4 ay üçün hesablanmış 680 manat aliment borcunu tələb etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçıların izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Məhkəməsinin 2(057)-885/2020 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 05 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 iyun 2020-ci il tarixdən başlayaraq atası Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-885/2020 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)- 885/2020 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-636/2020 saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-709/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-885/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “Borclunun axtarılması barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1992-ci ildə doğulmuş ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “SMS bildirişin” göndərilməsi barədə çıxarışların surətindən görünür ki, borclu Şəxs məxsus nömrəyə çağırış barədə SMS bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərin surətindən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən müxtəlif vaxtlarda aliment borcları ödənilmiş, ssonuncu ödənişi dekabr ayında olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə, icra sənədi üzrə ödənişlərin olduğunu həm icra məmuru, həm zərərçəkmiş şəxs, həm də barəsində protokol tərtib olunmuş şəxs bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə əksinə, borclu Şəxs borcunu ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar