Məhkəmə qərarları › İş №3(057)-1255/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1255/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1255/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-ci ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla yaşan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında MN № 1954176/1098 saylı protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində Salyan rayon, Şorsulu kənd ərazisində balıq gölünün yanında heç bir sənədi olmadan 1 ədəd qanunsuz ov silahı aşkar olunmuşdur. Salyan rayon PŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 10 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verməmişdir. Bir müddət balıq gölündə mühafizəçi işləmişdir. Həmin vaxtlarda balıq gölündən Qarabataq quşunu qovmaq üçün güllə atmışdır. Hazırda həmin balıq gölündə olan balıqlar satıldığı üçün boşdur. İşlədiyi müddətdə əmək müqaviləsi olmamışdır. Anası və yoldaşı xəstədir. Bir oğlu kollecdə təhsil alır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon PŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Novruz Qafarovun 10 noyabr 2024-cü il tarixdə raportu əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan inzibati məsulliyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X1 verilmiş, Şəxs təqdim etdiyi 1 ədəd silah 16 kalibrli olmaqla, “İJ 58” modelli, zavod üsulu ilə istehsal olunmuş, “KA 8441” nömrəli, daxili çaxmaqlı, yivsiz qoşa lüləli od silahı DİN-in Maddi-Texniki İdarəsinə bilavasitə tabe olan Mərkəzi Silah Anbarına təhvil verilməsi üçün Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılmışdır. İş materiallarında olan Salyan rayon PŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X2 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Novruz Qafarov raportla müraciət edərək, Salyan rayonu, Şorsulu kəndində xidmətdə olarkən Şəxs əlində ov tüfəngi ilə hərəkət etdiyini gördüklərini və Şəxs əlində olan bir ədəd “İJ 54” markalı, 16 kalibrli, qoşa lüləli, KA8441 nömrəli ov tüfənginin sənədi olmadığından həmin şəxsi RPŞnə gətirdiklərini bildirmişlər. Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Novruz Qafarovun raportu 10 dekabr 2024-cü il tarixdə Salyan RPŞ-də “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 2180 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Novruz Qafarovun xx.xx.2024-cü il tarixdə raportu əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs əməlində İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın (müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X1 verilmişdir. Odur ki, qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin X1 verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqında protokol baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş zavod üsulu ilə istehsal olunmuş 01 ədəd silah 16-kalibirli, “İJ 58” modelli, “KA 8441” nömrəli, daxili çaxmaqlı, yivsiz qoşa lüləli odlu ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar