Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1256/2024 28.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 23 dekabr 2024-cü il tarixli, MN № 1954175/1097 nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 23 dekabr 2024-cü il tarixli, MN № 1954175/1097 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə gecə saatlarında saat 01:30 radələrində Salyan rayonu, Şorsulu kənd ərazisində heç bir sənəd olmadan 1 ədəd qanunsuz ov silahı aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2024-cü ilin oktyabr ayının 1-dən yaşadığı Şorsulu kəndinin ərazisində yerləşən və X3 məxsus balıq gölündə gözətçi işləyir. 2 balıq gölünə nəzarət etməklə balıq yeyən baklan quşlarından və digər kənar müdaxilələrdən qoruyur, hər gün axşam tərəfi balıq gölünün üzərinə nəzarət etməyə gedir, gecəni orada qalaraq səhər evə qayıdır, Famil ilə hələki aylıq zəhmət haqqı ilə bağlı heçnə danışmamışdır. Qohumluq əlaqələri olduğundan müvəqqəti olaraq köməklik edir. Onunla yanaşı kəndçisi və qohumu Şahində eyni vaxtdan Familin gölünə nəzarət edir. Demək olarki eyni vaxtda gölə nəzarət etməyə gedərək eyni vaxtda evinə qaydır. Mərhum babası Məmmədqulu Əhmədovdan ona miras qalmış 1 (bir) ədəd, İЈ-27 markalı, qoşalüləli, 12 çaplı, A-19084 nömrəli ov tüfəngi olduğu üçün həmin tüfəngi özü ilə həmin iş yerinə gətirirərək özü ilə qaytarıb evə aparır. 06 noyabr 2024-cü il tarixdə saat 18 radələrində işə gedəndə həmin tüfəngi özü ilə aparmış, təxminən saat 01:30 da Şahin və Famil ilə birlikdə nəzarət etdiyi balıq gölünün ətrafında gəzişəndə gölün yaxınlığından keçən sonradan adlarını bildiyi İsa, Fərid və Sahib adlı polis əməkdaşları onları görüb yaxınlaşdıqda onlar onda ov tüfəngini görcək polis olmasını və özünü təqdim edərək adlarını və soyadını soruşaraq, əlində olan ov tüfəngi ilə bağlı sorğu sual edərək tüfəngə dair sənədlərin olub olmadığını soruşdqda həmin tüfəngə dair heç bir rəsmi sənəd olmadığını dediyindən, bu barədə yoxlama aparılacağını deyib rayon polis şöbəsinə dəvət etdikdə etiraz etməmiş üzərində olan həmin 1 ədəd ov tüfəngi ilə birlikdə Salyan rayon polis şöbəsinə gəlmişdir. Həmin tüfəngi özü ilə götürüb gəzdirməsinə baxmayaraq heç vaxt istifadə etməmişdir. Nə də, bu günə kimi həmin tüfənglə bağlı heç bir rəsmi sənədi olmayıbdır. Bütün bunlara baxmayaraq, həmin ov tüfəngini özü ilə götürməsinə görə əməlindən peşmandır. Özünü təqsirli bilir. Barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 05 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Salyan rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri polis serjantı X2 xx.xx.2024-cü il tarixli raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilməsi, Salyan rayonu, Şorsulu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qərar Salyan RPŞ-nin X1 göndərilməsi, Salyan rayonu, Şorsulu kəndində yaşayan Şəxs mərhum babasından miras qalmış 1 (bir) ədəd, 12 kalibrli, İЈ-27 E” modelli, “A-19084” №-li ov tüfəngi Azərbaycan Respublikası DİN-nin Maddi Texniki-Təminat Baş İdarəsinə bilavasitə tabe olan Mərkəzi Silah Anbarına təhfil verilməsi üçün Salyan rayon polis şöbəsinin maddi subutlar otağına təhfil verilməsi qərarına alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan inzibati xətanın törədilməsində alət olmuş 1 (bir) ədəd, 12 kalibrli, İЈ-27 E” modelli, “A- 19084” №-li ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nın Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1256/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1256/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver