Məhkəmə qərarları › İş №3(057)-1260/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1260/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1260/2024 24.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Samid oğlunun iştirakları ilə xx.xx.2000-ci ildə Salyan rayonu, Quyçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Salyan rayonu, Quyçu kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon İcra və Probasiya Şöbəsindən daxil olan 24 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 24 dekabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2615 manat pulu Zərərçəkmiş şəxs və 50 manat ekspertiza xərcini Məhkəmə Ekspertiza Mərkəzinə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınır. 04 oktyabr 2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimat verilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Polis əməkdaşları tərəfindən borclu Şöbəyə təqdim edildikdən sonra barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Borclu icra sənədi üzrə borcundan 300 manat ödəyə biləcəyini, qalan borcunu isə hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Borclu barəsində hər hansı qərarın qəbulunu məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Binə qəsəbəsində yaşayır. Onu Binə qəsəbəsində polis əməkdaşları tutaraq, saat 16:00-da İcra Şöbəsinə təhvil vermişlər. 1 ay olar ki, telefon vasitəsi ilə ona borcu barədə məlumat verilmişdir. Usta yanında günəmuzd işləyir, iş günü 15 manat qazancı olur. Əlavə olaraq borcundan qısa vaxtda 300 manat və qalan biorcunu da hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə borcluya borcun ödənilməsini təklif etmiş, borclu məhkəmənin inzibati binasında olan əmisi tərəfindən tələbkarın hesabına 300-500 manat pul ödəyə biləcəyini bildirdiyi üçün məhkəmə İcra məmuruna təklif etmişdir ki, tələbkarla əlaqə saxlasın. İcra məmuru icra işində tələbkarın adına qeydə alınmış mobil telefonla əlaqə saxlayarkən özünü tələbkarın vəkili kimi təqdim edən Səməd adlı şəxs təkliflə razılaşmışdır. Lakin iş saatı olmadığı üçün tələbkarın plastik kartına pulun ödənilməsi mümkün olmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2615 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin 50 %-i yəni 50 manatı cavabdeh Şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən qəbul etmişdir. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(001)-474/2023 saylı icra sənədinin icrasının təmin etməsi və 23 sentyabr 2024-cü il tarixdə Salyan Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra tədbirləri həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan rayonu Qızılağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Salyan rayonu, Quyçu kəndi ünvanında qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü Şəxs qeydiyyatda Quyçu kəndində olmasına baxmayaraq 15 ildən artıqdır ki, Salyan rayonu Qızılağac Ərazi Dairəsinin Quyçu kəndində ailə üzvləri ilə birlikdə yaşamır. Quyçu ərazisində mülkiyyətində ailə üzvlərinin və özünün fərdi yaşayış evi yoxdur, Qızılağac ərazi vahidliyində özünün və ailə üzvlərinin həyətyanı və pay torpaq sahəsi yoxdur. Mal-qarası yoxdur, ticarət obyekti yoxdur. Hal-hazırda Bakı şəhərində ailə üzvləri ilə birlikdə onlara məlum olmayan ünvanda yaşayır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun axtarılması barədə” qərarından görünür ki, borclu xx.xx.2000-ci ildə Salyan rayonu, Quyçu kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, icra sənədi barədə xəbərdardır. İşləmədiyinə görə borcunu ödəyə bilməmişdir. İcra sənədi üzrə bu günədək heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə tələbi hissə-hissə ödəyəcəkdir. Ona məxsus heç bir əmlak yoxdur. Aidiyyəti təşkilatlarda ona məxsus qiymətli kağız və ya əmanət yoxdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-829/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2000-ci il tarixdə Salyan rayonu, Quyçu kəndində anadan olmuş, Salyan rayonu, Quyçu kəndində qeydiyyatda olan borclu Şəxs Salyan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi və qərarın icrasının Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra sənədlərinin icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar