Məhkəmə qərarları › İş №3(057)-1260/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1260/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1260/2025 20.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan rayon məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, xx.xx.1981-ci ildə Salyan rayonu Parça Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 3-cü qrup əlil, Salyan rayonu, Parça Xalac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 20 moyabr 2025-ci il tarixli ******* saylı protokola və həmin protokol üzrə inzibati xəta haqqında iş üzrə materiallara Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 20 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)-852/2023 saylı icra vərəqəsi üzrə borclu Şəxs öhdəsində olan 7974 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən geri qaytarılmalıdır. Belə ki, sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış və ona protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanı yaradılmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, Şəxs 3-cü qrup əlil olmaqla lal, kar olması müəyyən olunmuşdur. Halbuki, AR İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Bununla yanaşı, inzibati xəta haqqında iş üzrə icraat zamanı zərərçəkmiş şəxs olmasına baxmayaraq, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, soyadı, atasının adı və yaşayış yeri göstərilməmiş və həmin qrafa doldurulmamışdır. Halbuki, AR İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Bundan savayı, inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmişdir. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələblərini ümumiyyətlə nəzərə almadan öz mülahizələrinə uyğun düzgün olmayan və natamam sənədi inzibati xəta haqqında protokol qismində məhkəməyə təqdim etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 20 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Salyan rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar