Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1264/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Əhmədağa oğlunun iştirakları ilə xx.xx.1986-cı ildə Sabirabad rayonu, Minbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 27 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 20 dekabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 648/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Şəxs 6610 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Salyan şəhərində avtomobil təmiri emalatxanasında çilingər vəzifəsində işləyir. Tələbkarla ailə münasibətlərinin pozulmasına səbəb onun əxlaqa zidd hərəkətləri olmuşdur. Tələbkarın valideynləri bunu bildikləri üçün və onun gəlirinin az olduğunu nəzərə alıb 40-50 manat hər ay aliment ödəməsinə razılıq vermişlər. Tələbkarın anasının ona təqdim etdiyi plastik karta hər ay 40-50 manat ödəniş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda aliment borcundan 50 manat ödəyə bilər. Növbəti gündən isə hər gün 40-50 manat arası borcundan ödəniş edə bilər. İndi başa düşür ki, aliment borcunu ödəməlidir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək izahatında göstərdi ki, tələbkar aliment borcunun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış tələbkar Zərərçəkmiş şəxs anası X2 bildirmişdir ki, qızı Almaz onunla birlikdə son 1 aya qədər Neftçala rayonu, Qoltuq kəndində yaşamışdır. Hazırda qızı Bakı şəhərində mağazada işləyir. Nəvəsi onun yanındadır. Şəxs alimenti ödəmədiyi üçün məcbur qalaraq onun hər ay 40-50 manat aliment ödəməsinə razı olmuşdur. Məhkəmə iclasında icra məmuru Nicat Mahmudov tələbkara məxsus mobil nömrə ilə əlaqə saxlamış, tələbkar şikayətçi olduğunu qeyd edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin hər ay ödənilməsini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-648/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 30 oktyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment iddiaçı Şəxs tutularaq cavabdeh Əliyeva (Cəfərova) Almaz Elşən qızının xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunmuş, Neftçala Rayon Məhkəməsinin 30 oktyabr 2019cu il tarixli, 2(053)-648/2019 saylı icra sənədi üzrə borclu Şəxs məxsus “Vaz-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu-xx.xx.1986-cı il tarixdə Salyan rayonunda doğulmuş, ünvan 1-də qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs mülkiyyətində olan “Vaz 21074 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilərək Salyan Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs adına qeydiyyatda olan mobil nömrəyə xx.xx.2024-cü il tarixdə “SMS bildirişin” göndərilməsi barədə çıxarışdan görünür ki, o, barəsində olan icra işi üzrə icra haqqında qanunun 29 və 84-cü maddələrinin tələblərinə əsasən Salyan rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və növbəti iş günü şəxsiyyətini təsdiq edən sənədlə birlikdə icra qurumuna yaxınlaşması xahiş edilmişdir. İş materiallarında olan aktdan görünür ki, vətəndaş Şəxs izahat verməkdən imtina etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu borcunu tam olaraq ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini, zərər çəkmiş şəxsin şikayətçi olmasını və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 27 dekabr 2024-cü il tarixdə, saat 13:00-dan hesablansın, inzibati həbsin sonu 04 yanvar 2025-ci il, saat 13:00 hesab edilsin. Əliyev X4 RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1264/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1264/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver