Məhkəmə qərarları › İş №3(057)-1268/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1268/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1268/2023 29.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsilə, 04 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, sürücü Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 10:15 radələrində Salyan rayonunda «Mercedes Benz” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşıma fəaliyyəti göstərərkən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Şəxs izahat verməkdən imtina etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati protokolun Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin kiçik inspektoru tərəfindən tərtib olunması müəyyən edilsə də, onun həmin protokolu tərtib etmə səlahiyyətinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törətməsinə dair heç bir sənəd (məsələn nəqliyyat vasitəsinin texniki pasportu, etibarnamə, sürücünün şəxsiyyətini təsdiq edən sənəd, sürücünün sürücülük hüququnun olması barədə sənəd, sürücünün protokol tərtib olunan vaxt məhs həmin maşını idarə etməsini təsdiq edən sübut, hansı yükü və ya sərnişini daşıması barədə sübut, maşının yük yerinə qanunvericiliyə müvafiq qaydada baxış keçirilib-keçirilməməsi barədə sübut, həmin maşına və sürücüyə dair yük və ya sərnişin daşıması barədə icazə sənədinin olub-olmaması barədə sənəd, sürücünün xidməti vəzifənin yerinə yetirilməsi zamanı necə maneçilik törətməsi, qanunvericilikdə müəyyən olunmuş məhs hansı sənədi təqdim etməkdən imtina etməsi və s.) həmin protokola əlavə olunmamışdır. Əlavə olunmuş akt Agentliyin əməkdaşları tərəfindən imzalansa da Şəxs və ya digər hər hansı hal şahidlərinin tərəfindən imzalanmamışdır. Həmin aktın Şəxs tərəfindən imzalanmasının sonuncu tərəfindən imtina olunması göstərilsə də, həmin halı təsdiq edən heç bir sənəd protokola əlavə olunmamışdır. Bundan başqa, həmin avtomobilə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq qeydiyyat şəhadətnaməsinin surəti, sahiblik və istifadə hüquqlarını təsdiq edən etibanamənin və ya digər sənədlərin surətləri, həmin avtomobilin həmin vaxt məhz Şəxs istifadəsində olmasını, qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməyən şəxsin məhz Şəxs olmasını təsdiq edən hər hansı bir mötəbər sübut, o cümlədən sonuncunun şəxsiyyətini təsdiq edən müvafiq sənəd nə inzibati xəta haqqında protokola əlavə olunmamış, nə də məhkəmə iclasına gələrək məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, X2 İdarəsinin əməkdaşları inzibati xəta haqqında protokolda reyd zamanı sözügedən avtomobilin yüklü olub-olmaması və hansı növ yük daşıması, sürücünün şəxsiyyətinin necə müəyyən edildiyi barədə məlumatları göstərməmiş, habelə avtomobilin yük və sürücü ilə birlikdə foto və ya video çəkilişini aparıb protokola əlavə etməmişlər. İş materiallarına əlavə edilmiş tam görünüşü əks etdirməyən «Mercedes Benz” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa hissəsini əks etdirən fotolarda həmin maşının harada və kim tərəfindən idarə olunması müəyyən olunmur. Bununla da Şəxs İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini müəyyən etmək mümkün deyildir. Bununla da, Şəxs təqsirli olması barədə əsaslı şübhələr vardır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll etməklə inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXMnin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar