Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1288/2025 15.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi-inzibatitəşkilat sektorunun baş məsləhətçisi X1 iştirakı ilə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3, 234.0.5 və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəməyə daxil olmuş MN ******* nömrəli, 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Şirvan-Salyan RTİ-nin tabeliyində olan Çuxanlı kənd tam orta məktəbinin həyətində orada formalaşan tullantıların normadan kənar atılması, qalaqlanması və yandırılması faktı, “Tullantılar haqqında qanunun” 12-ci maddəsinin pozulması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.3, 234.0.5, 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şirvan-Salyan Regional Təhsil İdarəsi barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sözügedən ərazidə məktəb təmir olunmuş, təmirlə əlaqədar işləyən ustalar tərəfindən tullantılar həmin əraziyə atılmış, sonradan isə yığışdırılmışdır. Həmçinin qeyd etmişdir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi dövlət orqanı olduğu üçün inzibati xətanın subyetki ola bilməz. Buna görə də həmin protokol əsassız və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi inzibati xətanın subyekti deyildir, həmçinin qeyd olunmuş inzibati xətanın Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3, 234.0.5, 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 91113 saylı aktdan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, məktəbin həyətində tullantılar mütəmadi qeyri-mütəşəkkil vəziyyətdə qalaqlanırvə yandırılır. Bunun nəticəsində “Atmosfer havasının mühafizəsi haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanununda göstərilən tələblərə Çuxanlı kənd orta məktəbinin rəhbərliyi tərəfindən əməl olunmur. Akta ərazidən çəkilmiş foto və video çəkiliş əlavə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; İXM-in 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.. İXM-in 234.0.5-ci maddəsinə əsasən, tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 271-ci maddəsinə əsasən, tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Hazırkı materialda Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən AR İXM-nin 266.3, 234.0.5, 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Lakin inzibati orqan tərəfindən törədildiyini bildirdikləri inzibati xətanın subyektinin məhz Şirvan-Salyan Regional Təhsil İdarəsi olması müəyyən edilməmişdir. Belə ki, müvafiq iş materiallarına inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən əldə olunmuş çıxarışla müəyyən edilmişdir ki, hazırki barəsində inzibati icraat aparılan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin VÖEN – ********** saylı olmaqla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna təşkilati hüquqi forması “dövlət idarəetmə orqanı” kimi qeydiyyata alınmış və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospektidir, Şirvan-Salyan Regional Təhsil İdarəsi də həmin Agentliyin struktur bölməsidir. Məhkəmə eyni zamanda o halı da nəzərə alır ki, sözügedən protokolda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi göstərilmişdir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş və həmin Əsasnamə ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 və Təhsil Nazirliyinin struktur qurumu kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsində hüquqi şəxsin anlayışına əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən, Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 47-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. "Banklar haqqında" və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Lakin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin struktur bölməsi kimi Şirvan-Salyan Regional Təhsil İdarəsi AR İXM-nin 266.3, 234.0.5, 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın subyekti deyil. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, 266.3, 234.0.5, 271ci maddələri tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.3, 234.0.5, 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXMnin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, “Şirvan-Salyan Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3, 234.0.5, 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şirvan-Salyan Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3, 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Salyan Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-1288/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1288/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver