Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1342/2025 15.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Neftçala rayonu, Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Neftçala rayonu, Astanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN 2196752/511 nömrəli, xx.xx.2025-ci il tarixli, MN 2196753/512 nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196752/511 saylı, İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196753/512 saylı inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində ünvansız nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X6 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələr üzrə özünü qismən təqsirli bilmiş, izahatında bildirmişdir ki, Salyan Rayon Polis şöbəsində onun barəsində tərtib olunmuş raportla tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saat 11:00 radələrində dostu Xəyala məxsus “Mercedes” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Salyan Rayon Polis Şöbəsinin DYP-nin YPX-nin əməkdaşları ona saxla işarəsi vermişlər, o, Salyan şəhəri X.R.Ulutürk küçəsində avtomobili saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək maşının sənədlərini yoxlayan zaman etibarnamə olmadığı müəyyən olmuşdur. Polis əməkdaşları onun içkili olduğundan şübhələndikləri üçün onu alkotesterdən keçirmişlər və içkili olmadığı müəyyən olunmuşdur. Daha sonra avtomobili müvəqqəti duracağa yerləşdirəcəyini bildirən zaman polis əməkdaşları ilə aralarında sözlü mübahisə yaramışdır. Bu zaman polis əməkdaşları onu şöbəyə dəvət etmiş, o da etiraz etmədən, polis əməkdaşlarının qanuni tələbini yerinə yetirərək maşına əyləşmişdir. Onu şöbəyə gətirən zaman orada heç bir nalayiq ifadə işlətməmiş, sadəcə ətrafda çox insan olduğundan həmin zaman özünü cilovlaya bilmədiyini, bu səbəbdən polis əməkdaşları ilə sözlü mübahisə yarandığını bildirmişdir. Lakin o, polisin hər hansı qanuni tələbinə qəsdən tabesizlik göstərmədiyini, özünün könüllü qaydada maşına əyləşərək polis şöbəsinə aparıldığını bildirmişdir. Törətdiyi həmin əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Salyan şəhəri, M.dadaşov küçəsində ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis kapitanı İlkin İbrahimov ilə birlikdə xidmət apararkən, qarşıda gedən “Mercedes” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanında pozuntu olduğu üçün, tərəflərindən həmin avtomobil saxlanıldıqdan sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt qayda pozuntusunu izah edərkən, avtomobilin sənədlərini bort kompüterlə yoxlayan zaman, sürücünün avtomobilə etibarnaməsi olmadığı aşkar olunmuşdur. Şübhə doğurduğu üçün sürücüdən spirtli içki qəbul etdiyini soruşduqda o, 3 gün əvvəl spirtli içki qəbul etdiyini, onu alkotesterdən keçirən zaman spirtli içki qəbul etdiyi aşkar olunmamışdır. Avtomobili duracağa təmin edən zaman o, səs-küy yaratmağa başlamışdır. Onlar dəfələrlə sürücünü nizam-intizama dəvət etsələr də o, ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün həmin şəxsi avtomobil ilə birlikdə Salyan RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 şahid Şəhriyar Cavadovun izahatı ilə eyni məzmunda izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, Şəxs onun dostudur. Dostu Şahmarın idarə etdiyi “Mercedes” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Xəyala məxsusdur. Həmin maşına dair Şahmarın etibarnaməsi olmasa da, digər qardaşı X1 etibarnaməsi olmuşdur. Hadisə baş verən gün maşın nasaz olduğundan onlar birgə, lakin ayrı-ayrı maşınlarda ustaya gedirlərmiş. Bu zaman polis əməkdaşları Şahmarı saxlamış və maşına zorla əyləşdirərək onun spirtli içki qəbul etməsindən şübhələndiklərini bildirmiş, lakin Şahmar içki içmədiyini bildirmişdir. Buna baxmayaraq, polis əməkdaşları ona içkili olduğunu təkidlə bildirmişdir. Polis əməkdaşları alkotesterdən istifadə edərək Şahmarın sərxoşluq vəziyyətini müəyyən etmişlər, lakin onun spirtli içki qəbul etmədiyi məlum olmuşdur. Bu zaman polis əməkdaşları ilə Şahmar arasında mübahisə yaranmış, lakin o, polisin hər hansı qanuni tələbinə qəsdən tabesizlik göstərməmişdir. Şahmar özü könüllü qaydada maşına əyləşərək polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, Şəxs onun dostudur. Dostu Şahmarın idarə etdiyi “Mercedes” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Xəyala məxsusdur. Həmin maşına dair Şahmarın etibarnaməsi olmasa da, özünün etibarnaməsi olmuşdur. xx.xx.2025-ci il tarixdə qardaşı Nicat ona zəng edərək bildirmişdir ki, polis əməkdaşları onları saxladığı üçün onlara etibarnamə lazımdır. O, həmin vaxt hadisə yerinə gələrək, orada İlkin və Şahmar adlı polis əməkdaşları ilə onların aralarında mübahisə yarandığını görmüşdür. Sonradan polis əməkdaşları ilə birgə polis şöbəsinə gətirilmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməli, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 14 dekabr 2025-ci il tarixli, MN 2196752/511 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri X.R.Ulutürk küçəsində ünvansız nalayiq ifadələr işlətmişdir. 14 dekabr 2025-ci il tarixli, MN 2196753/512 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri X.R.Ulutürk küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. 15 dekabr 2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli, AZA 020096 saylı protokoldan görünür ki, Şəxs 14 dekabr 2025-ci il tarixdə, saat 13:00-da tutulmuşdur. Salyan RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı İlkin İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Salyan şəhəri, M.Dadaşov küçəsində ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan RPŞ-nin DYPB-nin inspektoru polis baş serjantı Şəhriyar Cavadov ilə birlikdə xidmət apararkən, qarşıda gedən “Mercedes” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanında pozuntu olduğu üçün, tərəflərindən həmin avtomobil saxlanıldıqdan sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt qayda pozuntusunu izah edərkən, avtomobilin sənədlərini bort kompüterlə yoxlayan zaman, sürücünün avtomobilə etibarnaməsi olmadığı aşkar olunmuşdur. Şübhə doğurduğu üçün sürücüdən spirtli içki qəbul etdiyini soruşduqda, o 3 gün əvvəl spirtli içki qəbul etdiyini, onu alkotesterdən keçirən zaman spirtli içki qəbul etdiyi aşkar olunmamışdır. Avtomobili duracağa təmin edən zaman o, səs-küy yaratmağa başlamışdır. Onlar dəfələrlə sürücünü nizam-intizama dəvət etsələr də, o, ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün həmin şəxsi avtomobil ilə birlikdə Salyan RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Həmin şəxsin NH-də Neftçala rayonu, Astanlı kəndində yaşayan, xx.xx.1995-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur.Qeyd olunanları nəzərə alaraq raportuna dair göstəriş verilməsini xahiş etmişdir. X3 Salyan RPŞ-də verdiyi izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Salyan şəhəri, M.Dadaşov küçəsində ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis kapitanı İlkin İbrahimov ilə birlikdə xidmət apararkən, qarşıda gedən “Mercedes” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanında pozuntu olduğu üçün, tərəflərindən həmin avtomobil saxlanıldıqdan sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt qayda pozuntusunu izah edərkən, avtomobilin sənədlərini bort kompüterlə yoxlayan zaman, sürücünün avtomobilə etibarnaməsi olmadığı aşkar olunmuşdur. Şübhə doğurduğu üçün sürücüdən spirtli içki qəbul etdiyini soruşduqda, o, 3 gün əvvəl spirtli içki qəbul etdiyini, onu alkotesterdən keçirən zaman spirtli içki qəbul etdiyi aşkar olunmamışdır. Avtomobili duracağa təmin edən zaman o, səs-küy yaratmağa başlamışdır. Onlar dəfələrlə sürücünü nizam-intizama dəvət etsələr də, o, ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün həmin şəxsi avtomobil ilə birlikdə Salyan RPŞ-yə gətirmişlər. İş materiallarında olan videogörüntülərdən görünür ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, səs-küy yaratmağa başlayaraq ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolların və şahidlərin izahatlarının məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində çıxış edən polis əməkdaşlarının izahatları isə bu halın sübut olunması üçün kifayət sayılmır. Belə ki, inzibati xəta üzrə məsuliyyətin müəyyən olunması üçün təqdim edilən sübutlar mübahisəsiz və qəti olmalıdır. Hazırki iş üzrə yalnız polis əməkdaşlarının izahatları təqdim olunsa da, digər obyektiv sübutlar təqdim edilməmiş, həmin hal barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inkar edilmişdir. Bu baxımdan, məhkəmə yalnız polis izahatına əsaslanaraq şəxsə qarşı inzibati tənbeh tətbiq edilməsini hüquqi baxımdan əsaslı və məqsədəuyğun hesab etmir. Belə ki, şahid izahatları yalnız digər obyektiv sübutlarla birgə tədqiq edildikdən sonar ittihamın əsasını təşkil edə bilər. Əks halda, bu cür izahatların təkbaşına mötəbər sübut kimi qəbul olunması sübutların obyektivliyinə dair əsaslı şübhələr yaradır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə İXM-nin 8.3-cü maddəsinə əsasən onun xeyrinə həll edilir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrlə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı iş üzrə toplanmış digər materiallarla da tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs törətdiyi həmin inzibati xətaya, yəni İXM-nin 510-cu maddəsinə əsasən tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli etiraf edərək əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1342/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1342/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver