Məhkəmə qərarları › İş №3(057)-1351/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1351/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1351/2025 18.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan şəhəri Ə.Quliyev küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Marışlı kəndi ərazisində ümumi çəkisi 0,59 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımışdır. Həmin faktla bağlı Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 2196761/521 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 18 dekabr 2025-ci il tarixdə Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərtib olunmuş protokolu müdafiə edərək, bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Marışlı kəndi ərazisində istehlak miqdarında təmiz çəkisi 0,59 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edərək özündə saxlamış və daşıdığını bildirmişdir. Odur ki, barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır, "xxxx" MMC-də gecə gözətçisi işləyir, istifadəsində ***-***-**-** mobil telefon nömrəsi vardır, 1992-ci ildə CM-nin 145-ci maddəsilə Salyan rayon məhkəməsi tərəfindən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və 01 il 01 ay cəza çəkdikdən sonra amnistiya qərarı ilə azadlığa çıxmışdır. Uzun illərdir müəyyən fasilələrlə narkotik vasitə qurudulmuş marixuana qəbul edir. 2025-ci il noyabrın 14-də saat 15 radələrində Salyan rayonu Marışlı kəndində yerləşən "xxxx" MMC-nin anbarına gecə növbəsinə gəlmişdir. Təxminən saat 17 radələrində işdə olduğu zaman yeznəsi X10 ona zəng edib öz yeznəsi Nəcəf və qonşusu İlqar ilə birlikdə Marışlı kəndində olduqlarını demişdir. O da Cabirə işdə olduğunu deyib iş yerinə gəlmələrini istəmişdir. Təxminən saat 22 radələrində Cabir, Nəcəf və İlqar onun iş yerinə gəlmişlər. Bir qədər söhbət etdikdən sonra yoldaşlarına təklif etmişdir ki, üzərində olan “nəşə”dən birlikdə qəbul etsinlər. Çünki işə gələrkən əvvəlcədən özündə olan narkotik vasitə qurudulmuş marixuananı çəkdiyi “Bakı” markalı siqaretin 2 ədəd dənəsinə doldurub hazırlamış, 01 ədəd kağız bükümdə olan “nəşə”ni isə özü ilə götürmüşdür. Cabir, Nəcəf və İlqar “nəşə” çəkməyə razılıq verdikdən sonra içərisinə “nəşə” doldurduğu 01 ədəd siqareti birlikdə çəkmişlər. Bundan sonra təxminən saat 23:45 radələrində yoldaşlarını evlərinə yola salmaq üçün Marış kəndi ərazisindən keçən köhnə Astara-Ələt avtomobil yolunun kənarına çıxmışlar və burada dayanıb öz aralarında söhbət edərkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X3 göndərilmiş, X6, X2 və X7 Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri və barələrində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X3 göndərilmiş, Şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,55 qram narkotik vasitə qurudulmuş marixuananın işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan material üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmışdir. Material saxlanılması üçün Salyan RPŞ-nin dəftərxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X9 Yoxlamanın xx.xx.2025-ci il tarixli 581 № saylı rəyindən görünür ki, Şəxs psixi və fizki aslılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin Aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şəxs...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,37 qram, 01 ədəd siqaret dənəsində təmiz çəkisi 0,22 qram, ümumi çəkisi 0,59 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkibinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.4-cü maddəsinə əsasən, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,55 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün qərarın surəti Salyan Rayon Mərkəzi Xəstəxanasına göndərilsin. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,55 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar