Məhkəmə qərarları › İş №3(057)-1352/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1352/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1352/2025 18.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Marışlı kəndi ərazisində ümumi çəkisi 0,59 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımışdır. Həmin faktla bağlı Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 2196762/520 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 18 dekabr 2025-ci il tarixdə Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, 2025-ci il noyabrın 14-də təxminən saat 17 radələrində şəxsi işləri ilə bağlı qonşusu İlqar Nəsirov ilə birlikdə Marışlı kəndində olarkən həmin kənddəki "xxxx" MMCnin anbarında gözətçi işləyən qaynı Samid Əzizov ilə telefonda danışarkən Samid onların kənddə olduqlarını bilib telefonda demişdir ki, özündə bir baş “nəşə” vardır və təklif etmişdir ki, həmin “nəşə”ni birlikdə qəbul etsinlər. O, narkotik aludəçisi olmasa da, razılıq vermiş və işlərini bitirdikdən sonra təxminən saat 22 radələrində İlqar ilə birlikdə Samidin iş yerinin yaxınlığında görüşmüşlər. Görüşüb hal-əhval tutduqdan sonra Samid öz cibindən çıxartdığı 01 ədəd siqaret dənəsini yandırmış və onlar növbə ilə həmin siqareti doldurulmuş “nəşə”ni orada çəkmişlər. Bir qədər söhbət etdikdən sonra təxminən saat 23:45 radələrində Samiddən ayrılıb evə getmək qərarına gəlmişlər. Samid onları yola salacağını deyib birlikdə Marışlı kəndi ərazisindən keçən köhnə Astara-Ələt avtomobil yolunun kənarına çıxmışlar və burada dayanıb söhbət edərkən mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X2 göndərilmiş, X5, Şəxs və X6 Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri və barələrində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X2 göndərilmiş, Şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,55 qram narkotik vasitə qurudulmuş marixuananın işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan material üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmışdir. Material saxlanılması üçün Salyan RPŞ-nin dəftərxanasına təhvil verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X7 Yoxlamanın xx.xx.2025-ci il tarixli 582 № saylı rəyindən görünür ki, Şəxs psixi və fizki aslılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.4-cü maddəsinə əsasən, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,59 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün qərarın surəti Salyan Rayon Mərkəzi Xəstəxanasına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar