Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-14/2023 31.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Şikayət verən X2 və vəkili Vəkil iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 14 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində qəbul edilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin 14 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 bildirmişdir ki, 2021-ci ilin iyun ayında 7 maşında Rusiyanın Moskva şəhərinə pamidor məhsulu göndərmiş və bəyənnamədə göndərdiyi malların ümumi dəyəri qeyd olunmuşdur. Həmin malların dəyəri 3 ay müddətində “Uni bank”dakı hesabına köçürülməli olduğu halda köçürülməsi mümkün olmamışdır. MalAırı aparan maşınlar uzun müddət yolda olmuş və yük lazım olun müddət ərzində Moskva şəhərinə çatmamışdır. Mal uzun müddət, yəni təqribən 35 gün yolda olduğu üçün maşında olan mal xarab olmuş və heç bir məbləğİ ala bilməmişdir. Ona görə də pulun köçürülməsi mümkün olmamışdır. Maşınla göndərdiyim malların xarab olması barədə qarşı tərəflə birgə akt tərtib olunmuş və həmin sənəddən aydın olur ki, göndərilmiş mal yararsız halda olduğu üçün alıcı tərəfindən qəbul olunmamışdır.Pulu əldə edə bilmədiyi üçün idxal olunan malın dəyərini banka köçürülməsi mümkün olmamışdır.Ona görə də hesab edir ki, barəsində qəbul olunmuş 14 dekabr 2022-ci il tarixli qərar ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə iştirak edən vəkili Vəkil T.Eyvazovun dediklərini təsdiqləyərək Şimal Ərazi Baş Gömrük İdarəsinin 14 dekabr 2022-ci il tarixli qərarın ləğv olunması, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati qərarı qəbul etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 14 dekabr 2022-ci il tarixli 01400/04684 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsi ilə on min manat cərimə olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X1 hərəkətlərində inzibati xətanın törədilməsində təqsirli hərəkətləri mövcud deyildir. Onun iradəsindən asılı olmayan səbəblərə görə xarici ölkəyə göndərdiyi malın dəyərini ala bilməməsi və nəticədə həmin vəsaiti müəyyən olunmuş müddətdə öz hesabına banka köçürə bilməməsi halında onun inzibati məsuliyyətini istisna edir.Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, T.Eyvazovun Rusiyaya göndərdiyi malın ümumi dəyəri heç də 20000 manatdan az məbləğ olmamış, qanunvericilik yalnız həmin məbləğin 20000 manatdan az olduğu halda inzibati məsuliyyəti nəzərdə tutur.Həmin məbləğdən yuxarı cinayət məsuliyyətini ehtiva edir.Qərar qəbul edən orqan T.Eyvazova qanunda qeyd olunan normaya deyil Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsaslanaraq, sanki həmin qərarda qeyd olunmuş sanksiya çərçivəsində cərimə tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsində qeyd olunmuşdur ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Azərbaycan Respublikası İXM-nın 135.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikasının İXM-nin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-129, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin X2 barəsində 14 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-14/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-14/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver