Məhkəmə qərarları › İş №3(057)-1402/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1402/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1402/2025 30.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin sahə rəisi, X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 93 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan 27 dekabr 2025-ci il tarixli, MN 2196771/532 nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 27 dekabr 2025-ci il tarixli, 2196771/532 nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Marışlı kəndində yerləşən damında pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin sahə rəisi, X2 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 27 dekabr 2025-ci il tarixli, 2196771/532 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Marışlı kəndində yerləşən damında pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahənin sahə rəisi Zamiq Rüstəmovun tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:55 radələrində xidmətdə olarkən protexniki maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirdikləri qeyd zamanı Salyan rayonu, Marışlı kəndində İnşaat materialları mağazasında istehsalı və dövriyyəsi qadağan olunmuş protexniki vasitələrin satıldığını gördülər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdilər. Törətdiyi əməlin inzibati xəta olduğu bildirilərək, hüquq və vəzifələri izah edildi. Tərəflərindən həmin şəxs satdığı protexniki vasitələrlə birlikdə RPŞ-nə gətirilərək NH-nə təhvil verildi. RPŞ-də məlum oldu ki, şəxs Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 93 ünvanında yaşayan xx.xx.1990-cı il təvəllüdlü Şəxsdur. xx.xx.2025-ci il tarixli “protexniki vasitələrin götürülməsi barədə” protokoldan görünür ki, Şəxs Salyan RPŞ-nin əməkdaşları tərəfindən 220 qutu “Petards”, 45 qutu “Kopcap-1”, 13 ədəd balaca “fişəng”, 13 ədəd böyük “fişəng”, 16 ədəd “Kopcap-4” , 18 ədəd “P-500”, 1 ədəd “Zenga”, 4 ədəd “Puma-2” və 6 ədəd “X4” aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət olmuş predmetlər müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Salyan Rayon Polis Şöbəsinin saxlanc otağına təhvil verilmiş 220 qutu “Petards”, 45 qutu “Kopcap-1”, 13 ədəd balaca “fişəng”, 13 ədəd böyük “fişəng”, 16 ədəd “Kopcap-4” , 18 ədəd “P-500”, 1 ədəd “Zenga”, 4 ədəd “Puma-2” və 6 ədəd “X4” pirotexniki vasitələr müsadirə olunmaqla Şəxs 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar