Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-154/2023 27.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X6, xx.xx.1981-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada sürücü işləyən, Lənkəran rayonu Liman şəhəri M.Ə.Sabir küçəsi ev 20-də qeydiyyatda olmaqla yaşayan, ailəli, deməsinə görə himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPXA-nın 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiala Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 29 noyabr 2022-ci il tarixdə saat 13:40 radələrində Şəxs idarə etdiyi “Opel Astara” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 18,5-ci kilometrində X4 idarə etdiyi “Vaz- 2107” minik markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində zərbənin təsirindən Vaz-2107” minik markalı avtomobil yolun hərəkət hissəsində aşmış, nəticədə “Vaz-2107” minik avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül zərərvurmaya aid xəsarət almışdır. Həmin faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün BDYPİ-nin YPXA-ya göndərilmişdir. BDYPİ-nin YPXA-nın 10-cu tağımı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və inzibati xəta haqqında protokola uyğun izahat verərək göstərmişdir ki, törətdiyi əməldən peşmandır. Baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilir. xx.xx.2022-ci il tarixdə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “Vaz-2107” minik markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini vurmuş, nəticədə “Vaz-2107” minik markalı avtomobildə olan sərnişin qadın əzilərək xəsarət almışdır. Hadisədən sonra zərərçəkmiş şəxslə əlaqə saxlamışdır. Ailəsini avtomobilini idarə etməklə dolandırır, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Digər övladı Riyad Xuduzadə hazırda Laçın rayonunda hərbi xidmət edir. Odur ki, ona cərimə cəzasının verilməsini xahiş edir. Zərər çəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyini barədə xx.xx.2022-ci il tarixli 645 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Firodvsi qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin yarası, sağ gözaltı nahiyəsinin qançırı, sağ dirsək, sağ əl, sağ diz nahiyələrinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan AF120317 saylı xx.xx.2016-cı il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs “BC” kateqoriyası üzrə sürücülük hüququ var və xx.xx.2026-cı ilə qədər qüvvədədir. İş materiallarında olan ƏN-V 860468 saylı etibarnamənin surətindən görünür ki, “Opel Astra minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X1 tərəfindən Şəxs idarəçiliyinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədədir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğlu X5 rayonu ərazisində hərbi xidmət etməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(057)-154/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-154/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver