Məhkəmə qərarları › İş №3(057)-169/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-169/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-169/2024 27.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Tərtər rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Baki şəhəri, Ə.Əhmədov küçəsi, ev 31 A, mənzil 23 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı və xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Salyan RPŞnin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə Salyan RPŞ-nin qarşısında ucadan ünvanlı və ünvansız söyüşlər söymüş, nizam-intizama dəvət etdikdə isə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs idarə etdiyi **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbs olduğu üçün ona yaxınlaşaraq avtomobilin həbsdə olduğunu, maşının duracağa yerləşdirilməli olduğu bildirilmiş, lakin o, heç bir səbəb olmadan ucadan qışqırmağa və ünvanlı və ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarını təhqir etməyə başlamışdır. Onu sakitləşdirib nizam-intizama dəvət etdikdə isə o, buna məhəl qoymayaraq idarə etdiyi avtomobilin açarlarını təqdim etmədən nəqliyyat vasitəsinə əyləşərək Lənkəran istiqamətinə hərəkətinə davam etmişdir. Qarşıdakı naryada məlumat verərək nəqliyyat vasitəsinin yenidən posta qaytarılması barədə göstəriş verilmiş, bir neçə dəqiqə sonra Şəxs idarə etdiyi avtomobillə posta gələrək yenidən ünvanlı və ünvansız söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadan yüksək surətlə Bakı istiqamətinə hərəkətinə davam etmişdir. Bir neçə saat sonra Şəxs şəxsiyyəti sonradan müəyyənləşdirilən Xəqani adlı dostunun avtomobili ilə posta gələrək əlillik vəsiqəsini tələb edən zaman yenidən ünvanlı və ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarını təhqir etməyə başlamış, nizam-intizama dəvət etdikdə isə o, buna məhəl qoymadığından patrul maşınına əyləşdirib Salyan RPŞ-nin növbətçi hissəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələr üzrə özünü təqsirli bilməmiş, bildirmişdir ki, həmin gün həyat yoldaşı ilə birlikdə Lənkərana yas mərasiminə gedirmiş. Avtomobilin üzərində həbs olduğundan məlumatı olmuş, lakin yas mərasiminə getməli olduğu üçün həmin avtomobili idarə etmişdir. Özü İ dərəcə Qarabağ əlili olduğundan kontuziyası vardır. Buna görə polislə mübahisə etmişdir. İ dərəcə Qarabağ əlili olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu ərazisində polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələbinə qəsdən tabe olmayaraq avtomobili idarə etməyə davam etmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə BDYPİ-nin Salyan stasionar postunun qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin 0151 №-li vəsiqəsinin surətindən görünür ki, Şəxs vəsiqənin sahibi Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. İ qrup müharibə əlilidir. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. 01 ədəd CD diskdən görünür ki, Şəxs BDYPİ-nin Salyan stasionar postunun qarşısında ucadan ünvanlı və ünvansız söyüşlər söymüş, nizam-intizama dəvət etdikdə isə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Rzayev X1 postunun qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa o, Salyan rayonu ərazisində polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun 1-ci qrup müharibə əlili olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, İ qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunması isə ona görə məqsədəmüvafiq deyil ki, İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından da göründüyü kimi, Şəxs 1-ci dərəcə əlilliyi (orqanizmin funksiyalarının 81-100 faizi) müəyyən olunduğundan qanunvericiliyin tələbinə görə ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat miqdarda cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar