Məhkəmə qərarları › İş №3(057)-170/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-170/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-170/2025 03.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 03 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 03 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2878/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(060)-5856/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs Zərərçəkmiş şəxs 1100 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli icra vərəqəsi 13 yanvar 2023-cü il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borclu hər ay mütəmadi olaraq 250 manat ödəniş etmişdir. Alimentin ödənilməsi məhkəməyə müraciət olunduğu vaxtdan hesablandığından, iddiaçı 23 avqust 2022-ci il tarixdən 13 yanvar 2023-cü il tarixədək yaranmış borcu tələb edir. Borclu bu gün 350 manat ödəniş etmiş bu barədə qəbzi təqdim etmişdir. Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, onun ümumilikdə 1100 manat aliment borcu vardır. Halhazırda işsizdir. Subaydır, bir övladı var. Aliment borcunu hər ay mütəmadi olaraq 250 manat ödəyir. Bu gün də 350 manat ödəniş etmişdir. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçıların izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5856/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 23 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment, 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5856/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5856/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2878/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5856/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Şəxs hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmış, cavabdeh Şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2878/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(060)-2878/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-584/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2878/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.1986-cı ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, borclu Şəxs tərəfindən Zərərçəkmiş şəxs 350 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs hər ay 250 manat olmaqla aliment borcunu ödəməsi, bu gün 350 manat borcundan ödəməsi, işsiz olması, işləməməsi səbəbindən borcunu tam ödəyə bilməməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar