Məhkəmə qərarları › İş №3(057)-19/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-19/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-19/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Salyan rayonu Marışlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu Marışlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 28 dekabr 2023-cü il tarixli, MN № 1690492/1473 nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 28 dekabr 2023-cü il tarixli, MN № 1690492/1473 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan mülki ov silahını əldə edərək saxlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ov tüfəngi ona babasından miras qalmışdır. Həmin ov tüfəngini yaşadığı evdə saxlayırmış, arabir onunla kənd ərazisində ov etmək üçün gedir, lakin indiyədək həmin tüfəng ilə heç bir ov etməmişdir. Həmin tüfəng İJ markalı E 98499 nömrəlidir. 18 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində tanışı Maarif Mehdiyev ilə birlikdə ov etmək üçün Salyan rayonu Marışlı kəndi ərazisində yerləşən otlaq sahəsinə getmişdirlər. Lakin orada heç bir ov etməmişdir. Ətrafda gəzən zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Onlar əlində olan ov tüfənglərinin sənədlərini istəmişdir. Lakin ov tüfənginin sənədi olmadığı üçün onu təqdim edə bilməmişdir. Verilən suallara cavab olaraq, ona babasından yadigar qalan ov tüfənginin heç bir sənədinin və şəhadətnaməsinin olmadığını, həmin tüfəngdən əkin sahəsində toxumları tələf edən quşları qorxutmaq üçün istifadə etdiyini bildirmişdir. Həmin silahı Salyan RPŞ-nin əməkdaşlarına təhvil vermişdir. Törətdiyi əmələ görə peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 16 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Cümşüd Qurbanovun 18 noyabr 2023cü il tarixli raportu əsasında toplanmış material üzrə Şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi, onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb olunması üçün Salyan RPŞ-nin İTB-nə göndərilməsi və Şəxs təqdim etdiyi 1 (bir) ədəd silah 16 kalibrli olmaqla, “İJ-K” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “E 98499” nömrəli, hamar-yivsiz təklüləli odlu ov tüfənginin saxlanılması üçün Salyan Rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərarına alınmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Seyidsadıqlı kəndində çöl sahəsində iki nəfər şəxsin sənədsiz ov tüfəngi ilə hərəkət etdiyini və Şəxs üzərində 1 (bir) ədəd, 16 kalibrli , “İJ” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “E 98499” nömrəli, təklüləli ov tüfəngi aşkar edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan inzibati xətanın törədilməsində alət olmuş 1 (bir) ədəd silah, 16 kalibrli olmaqla, “İJ-K” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “E 98499” nömrəli, hamar-yivsiz təklüləli odlu ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nın Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar