Məhkəmə qərarları › İş №3(057)-202/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-202/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-202/2025 05.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1969-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 05 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 05 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(011)-2847/2009 saylı həmçinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8036/2019 saylı icra sənədləri üzrə borclu Şəxs 5890 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, 2 il bundan əvvəl Ukraynadan Azərbaycana qayıdarkən aliment borcundan 2000 manat ödəmişdir. Çernobıl hadisəsi nəticəsində zərər çəkmişdir. Ona təyin edilmiş əlilliyə görə müavinət dayandırıldığı üçün 2 ildir ki, ala bilmir. İş yeri yoxdur. Əlavə heç bir gəlir mənbəyi yoxdur. Tələbkara mənzil vermişdir. İmkanı olan zaman ailəsinə daima maddi yardım göstərmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda aliment borcundan heç bir ödəniş etməyə imkanı yoxdur. Borcundan yalnız yay aylarında ödəniş edə bilər. Borc pul ala biləcəyi hər hansı bir yaxını da yoxdur. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, yanvar ayında onu İcra Şöbəsinə çağırmış, Oktay yanvar ayının sonuna kimi ona aliment borcunun bir hissəsini ödəməsi üçün vaxt verilməsini istəmişdir. O da, düşünmüşdür ki, borcunun bir hissəsini ödəyərsə, tələbkar Arzu xanımla əlaqə saxlayaraq Salyan Rayon Məhkəməsinin qərardadı ilə Şəxs ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi və işləyərək aliment borcunun ödənilməsi barədə fikrini öyrənəcəkdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs borcundan ödəniş etməmişdir. Hazırda tələbkar şikayətçidir. Onun barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırması zamanı “Elektron Məhkəmə İnformasiya” Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs izahatında Çernobıl hadisəsi zamanı zərər çəkmiş şəxs kimi ona əlillik təyin edildiyini bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır. Həmin məlumatlardan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və 80 manat pensiya alır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2847/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 28 may 1998-ci il təvəllüdlü X1 və 05 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bütün gəlirindən (qazancından) 13 avqust 2009-cu il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8036/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2847/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmuş alimentin miqdarının artırılması, Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 05 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-03/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-8036/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi barədə xəbərdardır. Heç bir gəliri olmadığından icra sənədi üzrə tələbi bugünədək tam şəkildə icra etməmişdir. İcra sənədi üzrə bugünədək təxmini 6000 manat ödəniş etmişdir. 5890 manat aliment borcunu iyun ayında tam şəkildə ödəyəcəkdir. Adına daşınar və ya daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu borcunu tam olaraq ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Məhkəmə Şəxs İ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, onun barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq sayır. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 05 fevral 2025-ci il tarixdə, saat 12:00-dan hesablansın, inzibati həbsin sonu 13 fevral 2025-ci il, saat 12:00 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar