Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-230/2025 10.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Əliyev Vüqar Bəxtiyar oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Elşən oğlunun iştirakları ilə xx.xx.1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 10 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 10 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 10 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1437/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs cəmi 5080 manat pulu Zərərçəkmiş şəxs1 tam qaydada ödəməkdən, Salyan Rayon Məhkəməsinin 2(057)- 543/2020 saylı və 2(106)-2342/2021 saylı 11 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən cəmi 1499,86 manat kredit borcunu Zərərçəkmiş şəxs3 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması fonduna, Salyan Rayon Məhkəməsinin 2(057)-515/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən cəmi 4658,6 manat kredit borcunu LPO "xxxx" ASC-nin hesabına, Salyan Rayon Məhkəməsinin 2(057)-768/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə cəmi 5142,86 manat kredit borcunu Zərərçəkmiş şəxs2 ASC-nin hesabına tam qaydada ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs1 borcundan noyabr ayında 1000 manat ödəniş etmişdir. İnzibati protokol tərtib edildikdən sonra Zərərçəkmiş şəxs1 borcundan 1500 manat ödəmişdir. 5, 11 və 16 yaşlarında üç övladı var. Əvvəllər polis orqanlarında işləmişdir. Hazırda işdən çıxmışdır. 3 ay olar ki, X4 Hacıqabul rayonunda keçirdiyi qəbulda iştirak etmişdir. Sağlamlıqla bağlı testləri və idmanla bağlı normativləri vermişdir. Polis orqanlarına bərpa olunmasını gözləyir. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh növündə tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Həbs ediləcəyi təqdirdə polis orqanlarına bərpa oluna bilməyəcəkdir. Bir müddət işğaldan azad olunmuş ərazilərdə tikinti sahələrində sürücü işləmişdir. Borcundan hər ay 1000 manat ödəməyə çalışacaqdır. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahatında göstərdi ki, protokolu müdafiə edir. Noyabr ayından hər ay borcundan 1000 manat ödəməli idi. Dekabr ayında ödəniş etməmişdir. Sonra özü gələrək 1500 manat ödəmək istədiyini bildirmişdir. Şəxs barəsində hər hansı qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1437/2024 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 6000 manat pul və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bugünədək tam şəkildə icra etməməsinin səbəbi maddi imkanının olmamasıdır. İcra sənədi üzrə bugünədək 1000 manat ödəniş etmişdir. Borcunu tam qaydada ödəməyə maddi imkanı yoxdur. Borcunu hər ay 1000 manat olmaqla, ödəyir. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-515/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 4512.04 manat əsas, 80.10 manat faiz olmaqla, cəmi 4592.14 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 66.46 manat məbləğində pul vəsaiti tutularaq LPO Zərərçəkmiş şəxs4 ASC-nin hesabına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-543/2020 saylı, 2(106)- 2342/2021 saylı, 11 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X1 903.99 manat əsas borc, faiz borcu üzrə 436.37 manat, hesablanmış cərimə borcuna görə 5 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 17.35 manat müştərək qaydada tutularaq X6 Zərərçəkmiş şəxs3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2342/2021 saylı qətnaməsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-543/2020 saylı qətnaməsi müqavilə müddətinin bitməsindən sonrakı müddət üçün faiz məbləğinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməsi, cavabdehlər Şəxs və X1 müştərək qaydada 137.15 manat məbləğində pul müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs3 ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-768/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 4579.92 manat əsas, 492.22 manat faiz, cəmi 5072.14 manat və ödənilmiş 70.72 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ASC-nin hesabına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 plastik kartına 1470 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 plastik kartına 30 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin tam olaraq icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra sənədlərinin tam olaraq icra olunmamasını və tələbkarla borclunun 2 ay müddətinə aliment borcunun ödənilməsi ilə bağlı razılığını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində əzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-230/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-230/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver