Məhkəmə qərarları › İş №3(057)-234/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-234/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-234/2024 15.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, X6, bina 5, mənzil 35-də kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 15 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 15 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 15 mart 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şirvan Kommersiya Məhkəməsinin e- 2-2(121)-1510/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə ödənilməyən qalıq 4000 manat pulu Şəxs Zərərçəkmiş şəxs-yə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, tələbkar borcu tam tələb edir. Ona görə də, protokolun təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Suallara cavab olaraq bildirmişdir ki, borcluya Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500 manat miqdarında inzibati cərimə tətbiq edilib, barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, Bakı şəhərində yaşadığı üçün İcra məmurunun çağırışı barədə məlumatı olmamışdır. Tələbkara olan borcundan 5-6 ay əvvəl 1000 manat ödəmişdir. Barəsində çıxarılmış axtarış qərarından əvvəl borcundan ödəniş etmişdir. 03 gündür ki, avtomaşın icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. Hesab nömrəsini itirmişdir. Hazırda borcundan 300 manat ödəyə biləcəyini bildirmişdir. Himayəsində 7 və 11-ci sinifdə oxuyan iki uşağı vardır. Ödənişdən yayınmamışdır. İş yeri olmadığı üçün borcunu ödəyə bilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, məhkəmə qətnaməsinə əsasən Zərərçəkmiş şəxs-yə icra vərəqəsinə əsasən borclu qaldığı 4000 manat pulu hər ay 300 manatdan aşağı olmamaq şərti ilə ödəyəcəyinə söz verir, əks halda qanun qarşısında daşıyacaq məsuliyyət ona izah edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1510/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 5000 (beş min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-553/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarının ksero surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 500 manat miqdarında inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan X1 tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə verilmiş qəbzin surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021 saylı icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs-yə borclu olduğu 5000 manat puldan bu gün nəğd qaydada 1000 manat pulu Salyan rayon İcra və Probasiya Şöbəsindən təhvil almışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Coşqun İsmayılovun xx.xx.2023-cü il tarixli qərarının ksero surətindən görünür ki, xx.xx.1976-cı ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə araşdırmasında aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qətnaməsinin icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar