Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-256/2024 28.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, köhnə Ələt-Astara magistral avtomobil yolunun Şorsulu kəndindən keçən hissəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus tullantıların urna olmadığından qazılmış xəndəkdə qalaqlanaraq yandırılması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə köhnə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu, Şorsulu kəndindən keçən hissəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus tullantıların urna olmadığından qazılmış xəndəkdə qalaqlanaraq yandırılması faktı 03 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Sözügedən ərazidə qalaqlanmış məişət tullantılarının fotoşəkilləri çəkilərək tərtib edilmiş akta əlavə edilmişdir. Aşkarlanmış inzibati xətaya görə Şəxs MMC tərəfindən “İstehsalat və məişət tullantları haqqında” Qanunun 9,11 və 12-ci maddələrinin, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. İnzibati araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi X2 dəvət etdik və həmin yerə baxış keçirdik. Mağazadan 25 km aralıda urna var. Bələdiyyə tullantılar üçün müvəqqəti depolama yeri ayırmalı və sonra poliqona aparılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayənədəsi X7 tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz etməyərək izahatında göstərmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli akt və protokol ilə razıdır. Protokol tərtib edilən zaman ona məlumat verilmişdir. Digər mağazalarda tullantıların daşınması ilə bağlı müqavilələr bağlanılmışdır və aylıq ödənişlər həyata keçirilir. Təxmini 30 km aralıda urna var. Yol məsafəsi uzaq olduğundan heç kim tullantıları daşıya bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Şəxs MMC-də mağaza adminstratoru işləyir. Zibil yeşiyi olmadığına görə mağazanın tullantılarını qazılmış xəndəkdə yandırıldığını bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu, Şorsulu kəndindən keçən hissəsində məişət tullantılarının idarə olunması vəziyyəti araşdırılmışdır. Aparılan araşdırma və əraziyə baxış zamanı Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu, Şorsulu kəndindən keçən hissəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus məişət tullantılarının həmin ərazidə yayılması və qalaqlanması faktları aşkar edilmişdir. İnzibati araşdırma zamanı Şəxs MMCnin nümayəndəsi X6 iştirak etmişdir. Sözügedən ərazidə qalaqlanmış məişət tullantılarının fotoşəkilləri çəkilərək tərtib edilmiş akta əlavə edilmişdir. Aşkarlanmış inzibati xətaya görə Şəxs MMC tərəfindən “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 9 və 11-12ci madədlərinin, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən inzibati xəta törədilmişdir. Bundan başqa, inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmuşdur. Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” Qanununun 9cu maddəsinə əsasən tullantıların emalı zamanı aşağıdakılar təmin edilməlidir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və X4 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və X4 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X4 Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır. Həmin Qanunun 12-ci maddəsində qeyd olunan şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblərə görə, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Bundan başqa, Azərbaycan Respublikası “Ətraf Mühitin Mühafizəsi haqqında” Qanununun 47-ci maddəsinə əsasən ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi məqsədilə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları" nın təsdiq edilməsi haqqında 21 aprel 2005ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddəti nəzərə alınmalıdır. Tutumların həcmi tullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı 0,0042 m3 tullantı nəzərdə tutularaq hesablanmalıdır (tutumların sayı və həcmi kommunal-təsərrüfat qurumlan tərəfindən müəyyən edilir və bu göstərici əmələ gələn tullantıların həcmindən asılı olaraq dəyişə bilər). Qaydaların 2.3-cü bəndinə əsasən Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. 2.6-cı bəndə əsasən, tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hüquqi şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXMnin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə tədqiq olunmuş halları araşdırıb hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6500 (altı min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-256/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-256/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver