Məhkəmə qərarları › İş №3(057)-281/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-281/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-281/2025 20.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 20 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 20 fevral 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı 1954285/48 nömrəli, 20 fevral 2025-ci il tarixli protokolda və ona əlavə edilmiş materiallara əsasən, vətəndaş Şəxs 20 fevral 2025-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında ucadan nalayiq söyüşlər söymüşdür. İnzibati xəta haqqında MN seriyalı 1954286/49 nömrəli, 20 fevral 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs 20 fevral 2025-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 20 fevral 2025-ci il tarixli, MN № 1954285/48 və MN № 1954286/49 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 bildirmişdir ki, protokolu müdafiə edir. Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 6 il əvvəl törətdiyi cinayətə görə cəzasını çəkib qurtardığı üçün azad olunmuşdur. Hazırda işsiz olduğu üçün iş axtarır. Dəfələrlə Salyan Rayon İcra Hakimiyyətinə və məsul şəxslərə işlə bağlı müaciət etsə də, o işlə təmin olunmamışdır. Sonuncu dəfə ona Salyan rayonunun, Qaraçala qəsəbəsində gözətçi işi olduğu barədə məlumat verilmiş və onu birinci mərtəbəyə polis postunun qarşısına aparmışlar. Orada Vahid adlı şəxs ona bank vasitəsi ilə yardım ala bilməsi üçün ərizə yazmasını təklif etmişdir. O isə pul istəmədiyini deyərək, onun daimi olaraq hər hansı bir işlə təmin olunmasını istədiyi bildirərək qəbul otağına qarşısına qalxaraq orada olan işçilərə üzünü tutaraq onun işlə təmin edilməsini uca səslə ifadə etmişdir. Ac və yorğun olduğu üçün nə danışdığını dəqiq xatırlamır. Lakin o dəqiq bilir ki, heç bir polis əməkdaşına qarşı nalayiq ifadə işlətməmişdir. Salyan RPŞ-nin inzibati binasında ona siqaret və yeməsi üçün kolbasa almışlar. Ona alnmış siqareti xoşlamadığı üçün etiraz etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə o, Salyan Rayon İcra Hakimiyyətinə işsizliyi ilə bağlı müraciət edən zaman əsəbi olduğu üçün ucadan söyüş söymüş, bu zaman orada xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu nizam intizama dəvət etmişlər. Lakin o, əsəbi olduğu üçün davranışlarına nəzarət edə bilməmişdir. Polisin qanuni tələbinə tabe olmamışdır. Bu zaman polis əməkdaşları onu Salyan RPŞ-nə aparmışlar. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında ucadan nalayiq ifadələr işlətməsi və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də, həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 20 fevral 2025-ci il tarixdən saat 16:50-dən hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetmənin əvvəli 20 fevral 2025-ci il tarixdən saat 16:50-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar