Məhkəmə qərarları › İş №3(057)-282/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-282/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-282/2025 20.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də çilingər-montajçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 20 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 20 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 20 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayon “ASAN xidmət” mərkəzinin Notariusunun 8İ-13466 nömrəli, 03 dekabr 2024-cü il tarixli, 8İ-13364 nömrəli, 02 oktyabr 2024-cü il tarixli icra vərəqələri üzrə 7295.61 manat, 8İ-10148 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədi üzrə “MJ Financial Services”ə 405 manat, 8İ-16953 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 5884.13 manat, Salyan Rayon Məhkəməsinin 2(057)-2399/2024 saylı və 2(057)-250282024 saylı icra sənədləri üzrə 4238.46 manat borcunu ödəməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Ümumilikdə icra sənədləri üzrə 17823.59 manat pulu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, anası İİ qrup ruhi xəstədir. Atası yaşlıdır və əmək qabiliyyəti yoxdur. 80 manat təqaüd alır. Bu səbəbdən bank və kredit təşkilatlarından kredit götürərək, anasının müalicəsinə xərcləmişdir. Bir müddət Ağdərə rayonu ərazisində tikintidə fəhlə işləmişdir. İş yerindən əmək haqqısını tam ala bilməmişdir. Borcundan 500 manat ödəyə bilər. Banklara olan borcunu hissə-hissə ödəmək üçün müraciət etsə də, ona bildirmişlər ki, bununla bağlı müvafiq icra şöbəsinə müraciət etməlidir. Məhkəmənin borcunun bir hissəsinin ödənilməsi ilə bağlı təklifə cavab olaraq bildirmişdir ki, əmək haqqısının yarı hissəsini hər ay ödəyə bilər. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, borclu onun çağırışlarına gəlməmişdir. Ona görə də, onun barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Polis tərəfindən 07 fevral 2025-ci il tarixdə şöbəyə gətirilmiş, izahatı alınmış, ona borcunu ödəməsi üçün 10 gün müddət verilmişdir. Bu müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Bugün barəsində inzibati protokol tərtib edilməmişdən əvvəl yenə də, ona imkan yaradılmasına baxmayaraq borcunun hər hansı bir hissəsini ödəməmişdir. İnzibati protokol tərtib edildikdən sonra bildirmişdir ki, plastik kartına müdiri tərəfindən 500 manat məbləğində pul köçürülmüşdür. O həmin pulu ödəmək istəsə də, tələbkarların bank hesablarını dəqiq bilmədiyi üçün ödəniş aparmaq mümkün olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi ərizə ünvanlayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi istinad olunan inzibati xətanın törədilməsində təqsirli bilib barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi X3 tərəfindən məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi istinad olunan inzibati xətanın törədilməsində təqsirli bilib barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1990-cı ildə doğulmuş ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Ailəlidir. 2 uşağı var. Barəsində 20 fevral 2025-ci il tarixdə 5 icra sənədi var, bu icra sənədlərinin hər birindən xəbərdardır. Hal-hazırda 400 manat əmək haqqına işləyir. Əmək haqqından mümkün olarsa 50 faizini banklara ödəməyə hazırdır. 07 fevral 2025-ci ildə axtarışa gətirilmişdir. Ona 10 gün müddət verilmişdir. Banklara getmişdir. Zərərçəkmiş şəxs2 ASC-nin əməkdaşı demişdir ki, Probasiya ilə işləri həll etsin. Unibankın əməkdaşı isə ona kömək edə bilməyəcəklərini bildirmişdir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 8İ-13364 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə Şəxs AL/39721/93/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2243.18 manat və 81.47 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2349.65 manat pul tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 8İ-16953 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Şəxs 10173nkSTB2b/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5821.63 manat, 37.50 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5884.13 manat pul tutulmasını qərara almışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan e-2(057)-2502/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 326.39 manat hesablanmış və ödənilmiş faiz borcu, 28.66 manat cərimə borcu, 30.54 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 10.50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri, 396.09 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X10 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 8İ-10148 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Şəxs TPP-1053-0518-23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 280 manat, 100 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 405 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 8İ-13466 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə Şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4805.04 manat, 115.92 manat cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4945.96 manat pul tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-2399/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs əsas məbləğ üzrə 3451.36 manat, faiz borcu 270.30 manat, cərimə borcu 33.17 manat, cəmi borc 3754.83 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 57.54 manat məbləğində dövlət rüsumunun tutularaq “X10 Azərbaycan” QSC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu borcunu ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq sayır. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 20 fevral 2025-ci il tarixdə, saat 17:20-dən hesablansın, inzibati həbsin sonu 28 fevral 2025-ci il, saat 17:20 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar