Məhkəmə qərarları › İş №3(057)-289/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-289/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-289/2023 30.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 10-cu tağımın YPX inspektoru polis serjantı X5, Müdafiəçi – Salyan rayon Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan şəxs X6 və qanuni nümayəndə X1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan yetkinlik yaşına çatmayan şəxs X2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 10-cu Tağımı tərəfindən 30 mart 2023-cü il tarixdə İXM seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X6 22 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 55-ci kilometrliyində xx.xx.2005-ci il təvəllüdlü Salyan rayonu Çuxanlı kəndi H.Ş-2 ev 150-də qeydiyyatda olan və yaşayan X6 nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “VAZ-21063” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayonu istiqamətindən geriyə dönmə edərək Ələt qəsəbəsi istiqamətinə dönmək istəyən zaman düzgün manevr etmədiyindən arxadan Astara rayonu istiqamətində düzünə hərəkətdə olan xx.xx.1980-ci il təvəllüdlü Sabirabad rayonu Zalqarağac kəndində qeydiyyatda olan və yaşayan Abdullayev Ramil Yasǝr oğlunun idarə etdiyi “İsuzu” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qarşısına çıxaraq toqquşmuşdur. Bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törtəmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs DİN-nin BDYPİ-nin YPXA-nın 10-cu Tağımın YPX inspektoru polis serjantı X10 izahatında göstərdi ki, Azərbaycan Respublikası DİN-nin BİTİ-nə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Fuad Şirinov tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla X6 avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etməklə yol-nəqliyyat hadisəsi törətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir. X2 əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində tərəfindən 30 mart 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan X6 özünü Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, sürücülük vəsiqəsi olmasa da avtomobil idarə edə bilir. 22 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində Salyan şəhərindən yaşadıqları Çuxanlı gedərkən atasının səhhətində problem yarandığı üçün avtomobilini özü idarə etmişdir. Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 55-ci kilometrliyində avtomobillə Astara rayonu istiqamətindən geriyə Bakı şəhəri istiqamətinə dönmək istəyən zaman düzgün manevr etmədiyi üçün Astara rayonu istiqamətində düzünə hərəkətdə olan “İsuzu” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qarşısına çıxaraq toqquşmuşdur. Törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 müdafiəçisi X9 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yetkinlik yaşına çatmamasını nəzərə alıb barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X6 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X6 “VAZ-21063” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BİTİ-nə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Fuad Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X6 avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan olan “VAZ-21063” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolu Azərbaycan Respublikası DİN-nin BİTİ-nə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Fuad Şirinov tərəfindən tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:50-də yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, sxem, toqquşma baş vemiş yerə, avtomobillərə dair foto şəkillər çəkilmişdir. Azərbaycan Respublikası İXM-nin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan X6 Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİnin YPXA-nın 10-cu Tağım komandiri tərəfindən imzalanmış məktubdan 35 vərəq YNH-si ilə bağlı sənədlərdən başqa, X1 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 10-cu Tağımı tərəfindən 30 mart 2023-cü il tarixdə İXM ******* nömrəli inzibati xəta haqqında protokol və sürücülük vəsiqəsi də var. X1 Azərbaycan Respublikası İXM-in 335.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün prortokol və sürücülük vəsiqəsi Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayına göndərilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 göstərilmiş hüquqi xidmətə görə Salyan rayon Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48- 51, 55, 61, 114, 115, 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yetkinlik yaşına çatmayan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X7 X3 məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar