Məhkəmə qərarları › İş №3(057)-292/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-292/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-292/2025 21.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Salyan şəhər, Ə.Zeynalov küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 21 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 21 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-2099/2024-017 saylı icra sənədi üzrə borclu Şəxs 20350,60 manat məbləğində pul borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)- 2099/2024-017 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. Həmin tarixdə borcluya bildiriş göndərilmiş, o, icra və probasiya şöbəsinə dəvət edilmiş, ona 10 gün ərzində tələbin könüllü icra edilməsi təklif edilmişdir. xx.xx.2025-ci ildə borclunun əmlakının olub-olmaması haqqında sorğu verilmiş və borclu Şəxs adına olan **-OR-*** qeydiyyat nişanlı, “Vaz 21033” minik markalı nəqliyyat aşkar edilmiş, bununla bağlı Salyan Rayon Məhkəməsinə həbs qoyulması üçün qərardad verilməsi üçün müraciət ünvanlanmış, məhkəmənin 8(057)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Borcluya aid olan veteran kartından fevral ayında 56 manat pul tutulmuşdur. İddiaçı Zərərçəkmiş şəxs xx.xx.2024-cu ildə ərizə ilə müraciət edərək borcludan onun xeyrinə ödəniləcək pulun tam ödənilməsi tələb etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-2099/2024-017 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat və İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati protokol tərtib olunaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs ilə aralarında olan şifahi razılığa əsasən hər ay hissə-hissə borcundan ödəniş olunacaqdı, lakin sonradan tələbkar buna razı olmamış və ona olan borcunun tam ödənilməsini tələb etmişdir. Hər ay borcundan hissə-hissə ödəməyə etiraz etmədiyini, borcunu ödəməkdən qəsdən boyun qaçırmadığını, lakin borcunu tam ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, özü müharibə veteranı olmaqla, hər ay 80 manat məbləğində müavinət alır. Borc həmin müavinətə yönəldilməklə, fevral ayında 56 manat məbləğində pul tutulmuşdur. Bundan başqa, adına olan **-OR-*** qeydiyyat nişanlı, “Vaz 21033” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda borcundan 200 manat ödəniş etmiş və qəbzi icra məmuruna təqdim etmişdir. Odur ki, iş üzrə icraata xitam veriləməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 bildirmişdir ki, borclu bu gün 200 manat məbləğində ödəniş etmiş və veteran kartından da hər ay 56 manat pul tutulur. Bundan başqa məhkəmənin qərarı ilə ona məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Odur ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş protokolun əsassız olduğunu və buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə proses iştirakçıları dinləyib, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)-2099/2024-017 saylı icra sənədi üzrə borclu Şəxs 20350,6 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)-2099/2024-017 saylı icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-2099/2024-017 saylı sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Şəxs 07 fevral 2025 və 21 fevral 2025-ci il tarixli izahatından görünür ki, icra şöbəsində könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin icra olunmadığı təqdirdə barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağı, İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmiş, o, öhdəsində olan borcunu ödəməkdən imtina etmədiyini, işsiz olduğu üçün borcu tam qaydada ödəyə bilmədiyini, adına nəqliyyat vasitəsi olduğunu bildirmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)-2099/2024-017 saylı icra sənədinin icrasının təmin etməyi üçün xx.xx.2025-ci il tarixə ödəniş etməklə icra şöbəsinə gəlməyi tələb olunmuş, əks halda barəsində 528.1-ci maddəsinə əsasən inzibati və CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməyi üçün məcburi icra tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs məxsus **-OR-*** qeydiyyat nişanlı, “Vaz 21033” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkarın Zərərçəkmiş şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanlandığı ərizəsindən görünür ki, o, borclu Şəxs borcunu tam ödəmədiyi təqdirdə onun barəsində bütün məcburi tədbirlərin görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, e-2(057)-2099/2024-017 saylı icra sənədi üzrə Şəxs hesabından 56 manat məbləğində vəsait məcburi qaydada tutulmuşdur. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli təqdimatdan və məktubdan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-2099/2024-017 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunmuşdur. 453573317 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, borclu tərəfindən "xxxx" MMC vasitəsilə tələbkarın hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, tədqiq edilmiş iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-2099/2024-017 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya bildiriş göndərilməklə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, həmçinin Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli inkasso sərəncamı ilə tələb onun pensiyasına yönəldilmişdir. Bundan başqa, icra və probasiya şöbəsi tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.[22] Həmin Qanunun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 43.1.1 və 43.1.2-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi, icraata başlamaq haqqında qərar qəbul olunduqdan sonra tələbin könüllü icra olunması üçün borcluya 10 gün müddət verilir. Həmin müddət ərzində tələb könüllü icra olunmadıqda borclu barəsində məcburi icra tədbirləri tətbiq edilir. Hazırki işin hallarından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-2099/2024-017 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya bildiriş göndərilməklə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilsə də, həmin müddət gözlənilmədən xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərardadı ilə borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, həmçinin xx.xx.2025-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsinin inkasso sərəncamı ilə tələb onun pensiyasına yönəldilmişdir. Məhkəmə qeyd edir ki, əmlakın üzərinə həbs qoyulmasına baxmayaraq, onun satışa çıxarılıb-çıxarılmadığı, borcun ödənilməsinə yönəldilib-yönəldilmədiyi barədə qeyrimüəyyənlik mövcud olmuş, icra prosesi hələ tam yekunlaşmamışdır. İXM-nin 528.1-ci maddəsinin tələblərinə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda isə məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, borcluya məxsus əmlak üzərinə həbs qoyulmuş, tələb onun pensiyasına yönəldilmiş, həmçinin onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət olunmuşdur. Həmçinin borclu tərəfindən "xxxx" MMC vasitəsilə tələbkarın hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Qeyd olunan xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki işin hallarından görünür ki, icra məmuru tərəfindən məhkəmə aktının icra olunması üçün bütün imkanlar tükənmədən, borcluya verilmiş könüllü icra müdddət bitmədən tətbiq olunmuş məcburi icra tədbirlərinin nəticəsi gözlənilmədən, icra prosesi hələ tam yekunlaşmadan vaxtından əvvəl inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, bu da borclunun hüquqularının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcunu ödəməsi, əsassız olaraq protokol tərtib olunduğu öz təsdiqini tapdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar