Məhkəmə qərarları › İş №3(057)-296/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-296/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-296/2025 26.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam rayonu, Keştazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:20-də Salyan RPŞ-nin inzibati binasının daxilində uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydaları və ictimai asayişi pozmuş, həmçinin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə barəsində araşdırma aparılması üçün Salyan RPŞ-nə X9 ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmiş, ona Salyan RPŞ-nin müstəntiqi Arzu Hacıyevin yanında izahat verməli olduğunu demişlər. Onlar ilk öncə İstintaq Bölməsinin rəisi Rəsul İbayevin yanında olmuşlar. Onlardan hadisənin təsərrüfatları barədə məlumat istənilmiş, lakin daha sonra onunla aqressiv danışaraq nalayiq formada tərbiyəsiz olduğunu bildirmişdirlər. O da polis işçisinə özünün tərbiyəsiz olduğunu demişdir. Daha sonra nalayiq ifadə işlətdiyi üçün o da ona cavab olaraq işlətdiyi ifadələrin düzgün olmadığını, onun barəsində məlumat verənin özünün əxlaqsız olduğunu bildirmiş və mübahisə yekunlaşmışdır. Törətdiyi əməli etiraf etdiyini, lakin özünü təqsirli bilmədiyini, polis işçisi ona nalayiq ifadə işlətdiyi üçün o da polis işçisinə qarşı nalayiq ifadə işlətdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi X4 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:20 radələrində xidməti otağında olan zaman bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyi eşitmişdir. O otaqdan çıxdıqdan sonra həmin şəxsin Salyan RPŞ-nin İB-nin rəisi, Rəsul İbayevin otağının qarşısında aparılan araşdırmadan narazı olduğunu bildirərək uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdür. R.İbayev həmin şəxsi dəfələrlə nizam intizamla dəvət etsədə həmin şəxsin qanuni tələblərə tabe olmayaraq öz əməllərini davam etdiyini görmüşdür. Həmin şəxsin əməlləri səbəbindən Salyan RPŞ-nin İB-nin normal fəaliyyəti 15-20 dəqiqəlik pozulmuşdur. Salyan Rayon Polis Şöbəsinin NH-nin məsul növbətçi köməkçisi X2 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman saat 17:20 radələrində bir nəfər şəxsin Salyan RPŞ-nin inzibati binasında İB-nin rəisi Rəsul İbayevin xidməti otağının qarşısında uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydaları və asayişi pozduğunu görmüşdür. Həmin şəxsə həm İB-nin rəisi Rəsul İbayev, həmçinin digər polis əməkdaşları öz əməllərini dayandırmasını, ictimai asayişi və ictimai qaydaları pozduğunu bildirmələrinə baxmayaraq həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməllərinə davam edərək qanunları pozmuşdur. Salyan Rayon Polis Şöbəsinin NH-nin məsul növbətçi X7 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman saat 17:20 radələrində bir nəfər şəxsin Salyan RPŞ-nin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydaları və ictimai asayişi kobud pozduğunu görmüşdür. Həmin şəxs Salyan RPŞ-nin müstəntiqi Arzu Hacıyevin araşdırmasından narazı olduğunu bildirərək, İB-nin rəisi Rəsul İbayevin xidməti otağının qarşısında açıqca əxlaq və mənəviyyat normalarını pozurdu. Polis əməkdaşları tərəfindən şəxsə öz əməllərinin qanuni pozuntusu olduğunu bildirmələrinə və əməllərini dayandırmasını tələb edilməyinə baxmayaraq öz əməllərini davam etdirdi və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Salyan Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi X5 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə icraatında olan materialın icrası ilə əlaqədar aparılan araşdırma zamanı X9 və Şəxs onun xidməti otağında idi. Lakin Şəxs aparılan araşdırmadan narazı olaraq Salyan RPŞ-nin İB-nin rəisi R.İbayevin xidməti otağına gedərək araşdırmalardan narazı olduğunu bildirmiş və 17:20-də uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydaları və ictimai asayişi kobud şəkildə pozaraq Salyan RPŞ-nin İB-nin xidməti fəaliyyətini normal fəaliyyətini pozmuşdur. Həmin şəxsə öz əməllərini pozuntu olduğu bildirərək, dayandırıması tələb edilmiş, lakin şəxs öz əməllərini davam etdirərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə davam etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:20-də Salyan RPŞ-nin inzibati binasının daxilində uca səslə ünvansız nalayiq ifdələr işlədərək ictimai qaydaları və ictimai asayişi pozmuş həmçinin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:20-də Salyan RPŞ-nin inzibati binasının daxilində uca səslə ünvansız nalayiq ifdələr işlədərək ictimai qaydaları və ictimai asayişi pozmuş, həmçinin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:50-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə də o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını və himayəsində üç azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 535.1ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 fevral 2025-ci il tarixdən, saat 17:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar