Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-313/2025 27.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 oğlunun, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 27 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 27 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 27 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 807/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1120 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir və çağırışa gəlməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, o, hal-hazırda işsizdir. İkinci dəfə ailə qurmuş, həmin evlilikdən 1 uşağı var. Əvvəlki nikahından da 1 uşağı var. Özünü günahkar bilir. Məhkəmə tərəfindən aliment borcunun bir hissəsinin ödənilməsi ilə bağlı təklifə cavab olaraq bildirmişdir ki, aliment borcunu ödəməyə hazırda imkanı yoxdur, borcunu bir hissəsini ödəmək üçün 1 ay vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, borclu 2024-cü ilin yanvar, fevral, avqust, noyabr, dekabr, 2025-ci ilin yanvar və fevral ayları üçün aliment ödəməmişdir. SMS bildirişlər göndərilmiş, əlavə olaraq onunla dəfələrlə söhbət aparılsa da heç bir nəticəsi olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, şikayətçidir. Aliment borcunun tam ödəniməsini tələb edir. Borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-807/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 23 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-341/2019 saylı, 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, X1 qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuş, qərar və bildiriş Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 3(057)-16/2024 nömrəli qərarı ləğv edilmiş, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-692/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 807/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs Salyan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs adına qeydiyyatda olan mobil nömrələrə xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərdə “SMS bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki Şəxs barəsində olan icra işi üzrə icra haqqında qanunun 29 və 84-cü maddələrinin tələblərinə əsasən Salyan rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və növbəti iş günü şəxsiyyətini təsdiq edən sənədlə birlikdə icra qurumuna yaxınlaşması xahiş edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Mahmudovun 07 avqust 2025-ci il tarixli qərarından görünür ki, borclu xx.xx.1986-cı ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi barədə xəbərdardır. İşsiz və himayəsində xəstə azyaşlı uşağı olduğu üçün bu günədək icra sənədi üzrə tələbi tam icra edə bilməmişdir. İşlədiyi müddətdə icra sənədi üzrə borcunu ödəmişdir. 1120 manat olan aliment borcunu işsiz olduğu üçün tam şəkildə ödəyə bilmir. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmənətləri yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu borcunu tam ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq sayır. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini, zərər çəkmiş şəxsin şikayətçi olmasını və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 27 fevral 2025-ci il tarixdə, saat 12:10-dan hesablansın, inzibati həbsin sonu 07 mart 2025-ci il, saat 12:10 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-313/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-313/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver