Məhkəmə qərarları › İş №3(057)-322/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-322/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-322/2023 03.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Salyan rayonu, Marışlı kəndində fəaliyyət göstərən hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiallara Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayonu, Marışlı kəndində fəaliyyət göstərən hüquqi şəxs Şəxs MMC tərəfindən 16056.88 ABŞ dolları məbləğində vəsait xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə 28 mart 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 04 aprel 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktoru) X2 izahatında göstərmişdir ki, inzibati xətanı törətməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli müqaviləyə və RS12 xx.xx.2021-ci il tarixli spesifikasiyaya əsasən 16056.88 ABŞ dolları məbləğində qabaqcadan ödəniş aparılmış, xx.xx.2021-ci il tarixində 16035.88 ABŞ dolları məbləğində vəsait geri qayıdmışdır. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqavilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarında olan Şəxs MMC (alıcı) ilə Çin Respublikası “ARSLAN İNTERNOTİONAL TRADE LTD” (satıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli RS12 saylı müqaviləyə 19 yanvar 2021-ci il tarixli 12 saylı əlavədən (spesifikasiyadan) görünür ki, satıcı 16056.88 ABŞ dolları dəyərində plastmastdan inşaat detalları müəyyən olunmuş siyahı və həcm üzrə göndərməyi, alıcı isə əvəzində pul ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" ASC-nin Şəxs MMC -nin rəhbərliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən RS12 №li, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “ARSLAN İNTERNATİONAL TRADE CO., LTD” şirkəti xeyrinə xx.xx.2021-ci il tarixində aparılmış 16056.88 ABŞ dolları məbləğində avans ödənişi xx.xx.2023-cü il tarixində təqdim olunmuş **********0235 nömrəli gömrük bəyannaməsi ilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Neftçilər filialı tərəfindən 05 fevral 2021-ci il tarixli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, RS12 N-li, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən və RS12 №li xx.xx.2021-ci il tarixli spesifikasiyaya əsasən 16056.88 ABŞ dolları məbləğində qabaqcadan ödəniş aparılmış, xx.xx.2021-ci il tarixində 16,035.88 ABŞ dolları məbləğində vəsait geri qayıdmışdır. Müştərinin təqdim etdiyi **********0235 nömrəli X5 əsasən xx.xx.2021-ci il tarixli 16056.88 ABŞ dolları məbləğində avans ödənişi xx.xx.2022-ci il tarixində X3 səhvən bağlanmış və xx.xx.2023-cü il tarixində X1 qeyd ləğv olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********0235 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, “ARSLAN İNTERNOTİONAL TRADE CO., LTD” tərəfindən Şəxs MMC-nin ünvanına 16035.88 ABŞ dolları dəyərində plastmastdan inşaat detalları Azərbaycan Respublikasına idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Şəxs MMC ilə Çin Respublikasında yerləşən “ARSLAN İNTERNOTİONAL TRADE CO.,LTD” arasında alqı-satqısı (göndərilməsi) barədə RS12 N-li, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən və RS12 №li xx.xx.2021-ci il tarixli spesifikasiyaya əsasən 16056.88 ABŞ dolları məbləğində qabaqcadan ödəniş aparılmış, xx.xx.2021-ci il tarixində 16,035.88 ABŞ dolları məbləğində vəsait geri qayıdmışdır. Müştərinin təqdim etdiyi **********0235 nömrəli X5 əsasən xx.xx.2021-ci il tarixli 16056.88 ABŞ dolları məbləğində avans ödənişi xx.xx.2022-ci il tarixində X3 səhvən bağlanmış və xx.xx.2023-cü il tarixində X1 qeyd ləğv olunmuşdur. Məhkəmə, Şəxs MMC tərəfindən inzibati xətaya yol verilməməsi qənaətinə gəlir və cəmiyyətin inzibati məsuliyyətə cəlb olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi X6 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3, 4.3.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar- Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə aparılır. Həmin Qaydaların 4.3.1.1-ci bəndinə əsasən ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X4 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir) Həmin Qyadaların 4.3.1.2-ci bəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Mərkəzi X6 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən müvafiq ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində malların idxal edilməməsi və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmaması və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyərinin 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olması Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hazırkı halda isə Şəxs MMC tərəfindən əvvəlcədən edilmiş ödəniş müqavilində malların hamısı qanunla müəyyən olunmuş müddətdə idxal edilmiş və hər hansı qalıq qalmamışdır. xx.xx.2021-ci ildə məlum mallar idxal olunmasına baxmayaraq, həmin fakt araşdırılmadan əsassız olaraq hazırkı inzibati xəta haqqında protokol tərtib edilmiş, törədilmə vaxtı isə protokolda xx.xx.2023-cü il göstərilmişdir. Bununla da, Şəxs MMC-nin tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Həmçinin, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gələrək Şəxs MMC-nin təqsirli olmasını sübuta yetirməmişdir. Ona görə də, həmin MMC ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 76, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 28 mart 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar