Məhkəmə qərarları › İş №3(057)-325/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-325/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-325/2024 29.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Salyan şəhəri, Şəhriyar küçəsi, ev 11-də yaşayan Şəxs haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi (icra məmuru X5) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 29 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-430/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, öhdəsində olan 586,10 manat borcunu Zərərçəkmiş şəxs ödəməkdən imtina edir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, borcunun yarısını ödəyib və pulu nağd şəkildə icraçı Elvinə verib. Hal-hazırda borcundan 50 manat ödəyib və bundan sonra hər ay 50 manat ödəniş edəcəyini bildirdi. Barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-430/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 564 manat və 22,10 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 25 may 2021-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-430/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, barəsində olan icra sənədlərindən məlumatı vardır. Hazırda işsiz olduğu üçün borcunu tam qaydada ödəyə bilmədiyini, hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla icra vərəqəsi üzrə müəyyən edilmiş borcu tam olaraq ödəyə bilməmiş, icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu hissəhissə ödəməklə onu ödəməkdən qəsdən yayınmamışdır. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla X1 məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi, Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Hazırki işin hallarından görünür ki, icra məmuru tərəfindən təqdimata icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra şöbəsi tərəfindən borcluya məxsus bank rekvizitlərinin, eləcə də, cari və hesablaşma hesablarının, vergi ödəyicisi kimi fəaliyyət göstərib göstərmədiyi barədə müxtəlif instansiyalara sorğuların olunması müəyyən edilməməklə, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmək mümkün deyildir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olubolmamasının müəyyənləşdirilməsinə yönəlmiş hərtərəfli icra hərəkətlərinin aparıldığı görünmür. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu X1 işləməməsi səbəbindən borcunu tam ödəyə bilməməsi öz təsdiqini tapdığından, həmçinin proses vaxtı borcundan 50 manat ödədiyi və bununla da, icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar