Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-330/2024 01.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Borclu Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, “Sosial Xidmətlər Agentliyi” X6 sosial işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi (icra məmuru X2) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 01 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 53287,0 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 249,86 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, Salyan Rayon Məhkəməsinin 2(057)-1104/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar X3 99000,0 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 387,0 manat məbləğində borcu yaranmışdır. Borclu icra sənədləri üzrə tələbi icra etmir və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru C.İsmayılov öz izahatında tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, icra məmuru bildirmişdir ki, borclu barəsində 23 oktyabr 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədləri üzrə indiyədək heç bir ödəniş etməmişdir. Digər borclarına görə əmək haqqının 50 %-inə yönəlmə olmuşdur. Sosial xidmətçi işləməklə 800 manat maaş aldığını, hissə-hissə ödəniş etməklə borcunu ödəyə biləcəyini qeyd etmişdir. Əlavə olaraq özünün ailənin yeganə qazanc gətirəni olduğunu, ərinin işsiz olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, o, Şəxs nisyə qızıllar satmışdır. Şəxs indiyədək nə borcunu qaytarmış, nə də həmin qızılları geri qaytarmamışdır. Qızılları sataraq faizə pul vermişdir. İcra məmurunun çağırışlarına məhəl qoymayaraq gəlmir. Odur ki, ona olan 53536,86 manat borcunun tam şəkildə qaytarılmasını tələb edir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirmişdir ki, o, Şəxs nisyə qızıllar satmışdır. Şəxs indiyədək nə borcunu qaytarmış, nə də həmin qızılları geri qaytarmamışdır. Odur ki, ona olan 99387,0 manat borcunun tam şəkildə qaytarılmasını tələb edir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Məhkəməsinin 2(057)-1169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 53287,0 manat borc və ödənilmiş dövlət rusumunun əvəzi olaraq 249,86 manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Həmin qərar və bildiriş borclu Şəxs təqdim olunmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-1104/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 99000,0 manat borc və ödənilmiş dövlət rusumunun əvəzi olaraq 387 manat məbləğində pulun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1104/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Həmin qərar və bildiriş borclu Şəxs təqdim olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(057)-1039/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş izahatından görünür ki, o, icra sənədlərindən xəbərdar olduğunu, lakin özünün ailənin yeganə qazanc gətirəni olduğunu, ərinin işsiz olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu, kirayə qaldığı üçün borcunu tam məbləğdə ödəyə bilmədiyini, borcunu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, şəxs borc məbləğlərinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə, öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs icra şöbəsində verdiyi izahatında maddi imkanının az olmasını əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə bunun qətnamələrin icra edilməməsinin üzrlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs ötən illər ərzində məhkəmə qətnamələrinin qismən də olsa icra olunmasına cəhd etməmiş və bu günədək zərərçəkmiş şəxslərə hər hansı məbləğdə ödəniş etməmişdir və ya bunun əksini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında şəxs məhkəmə qətnaməsinin icra edilməsi üçün ona vaxt verilməsini xahiş etsə də, Dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri və özünün müəyyən etdiyi məbləği ödəməsi ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəmə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin ötən illər ərzində heç bir ödəniş etmədiyini, onun zərərçəkmiş şəxslərin mənafeyinə və məhkəmə aktlarına laqeyd münasibətini də nəzərə alır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, şəxsin dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədləri üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqələrini icra etməmiş, bundan boyun qaçırmış, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən himayəsində xx.xx.2014-cü ildə anadan olmuş Fatimə və xx.xx.2016-cı ildə anadan olmuş Ruqiyyə adlı iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-330/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-330/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver