Məhkəmə qərarları › İş №3(057)-337/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-337/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-337/2024 05.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Salyan rayonu Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 05 aprel 2024-cü il tarixli, MN ******* inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1708/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 9332,55 manat borcu yaranmış və borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1708/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 9332,55 manat borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən, onun tələbkar Zərərçəkmiş şəxs 9332,55 manat borcu yaranmışdır. O, borcundan heç bir ödəniş etməmiş, işsizdir, arada işləyir, o, hər ay 100 manat ödəyə biləcəyini bildirmiş və başqa gəlirinin olmadığını qeyd etmişdir. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs icra sənədi üzrə zərərçəkmiş şəxs tərəfindən zərərin hissə-hissə ödənilməsi ilə razılaşmadığını və borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Məhkəməsinin 2(057)-1708/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 9220,55 manat pul və ödənilmiş 112 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14283/2024-xx-xx-00401 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1708/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi izahatın surətindən görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-1708/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcundan imtina etmədiyini, işsiz olduğunu, arada işlədiyini və hər ay 100 manat ödəyə biləcəyini bildirmişdir. Salyan rayon icra və probasiya şöbəsinin 20 fevral 2024-c üil tarixli 14283/03 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs 01 mart 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi barədə dəvət olunmuşdur. Salyan rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(057)-72/2024 saylı qərardadından görünür ki, borclu Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun axtarılması barədə” qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi izahatından görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-1708/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcunu maddi imkanın olmaması səbəbindən ödəmədiyini, hər ay 100 manat ödəyə biləcəyini bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə, öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs icra şöbəsində verdiyi izahatında maddi imkanının olmamasını əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin maddi imkanının olmamasını onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzrlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Bununla yanaşı, məhkəmə hazırda məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin zərərin hissə-hissə ödənilməsi ilə razılaşmadığını, onun zərərçəkmiş şəxsin mənafeyinə və məhkəmə aktına laqeyd münasibətini də nəzərə alır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, X1 heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş edilməməsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh, yəni cərimə tətbiq edilərsə, həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 aprel 2024-cü il tarixdən, saat 19:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar