Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-352/2024 02.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X8, X9 oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3, Salyan rayon Polis şöbəsinin YPX-nin inspektoru polis serjantı X4 iştirakları ilə, X3 Salyan RPŞ-nin Yol Patrul Xidmətinin 01 aprel 2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 RPŞ-nin Yol Patrul Xidmətinin 01 aprel 2024-cü il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat miqdarda cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 01 aprel 2024-cü il tarixdə idarə etdiyi Mersedes Benz 200 minik markalı 77CY404 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən YPX-nin əməkdaşı X6 tərəfindən saxlanılmış və barəsində İXP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, guya o, «Giriş qadağandır» yol nişanının tələblərini pozmaqla Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərarla o, 150 (bir yüz əlli) manat miqdarda cərimə edilmişdir. Əslində isə YPX-nin əməkdaşı onu saxlayarkən həmin nişana dair ona heç nə bildirməmiş, o, həmin nişanın tələblərini pozmamış, həmin vaxt onu saxlayan YPX-nin əməkdaşı ona nişanlanma xəttinin tələblərini pozduğunu bildirmişdir. Lakin, o, həmin vaxt heç bir nişanlanma xəttinin tələblərini də pozmamış, geriyə manevr etməyə icazə verən nişanlanma xəttini kəsərək manevr etmişdir. Bundan başqa, həmin vaxt o, inzibati xəta haqqında protokolla razılaşmadığı halda onun barəsində dərhal özbaşına qərar qəbul edilmişdir. Bu səbəbdən də hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Göstərilənlərə əsasən həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X5 izahat verərək göstərmişdir ki, 01 aprel 2024-cü il tarixdə saat təxminən 20:12 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes Benz 200 markalı 77CY 404 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri H.Z.Tağıyev küçəsindən V.Əhmədov küçəsinə dönərkən yolayrıcında olan məcburi hərəkət istiqamət nişanı olan 4.1.5 yol nişanının (düzünə və ya sola hərəkət) tələbinə uyğun olaraq düzünə və ya sola hərəkət etməli olduğu halda həmin yol nişanının tələbini pozaraq sağ istiqamətə V.Əhmədov küçəsinə hərəkət edərək təxminən 100 metr məsafədə olan yaşadığı evə getmək istərkən onun Salyan RPŞ-nin YPX-nin əməkdaşı X1, Qanun pozduğunu ona bildirmiş, o, da etiraf etmişdir ki, qanunu pozmuş və ona pozduğu qanuna görə müvafiq cərimə yazsınlar. Polis əməkdaşı protokol tərtib edərək qərarla ona cərimə yazmış, o, hesab etmişdir ki, ona İXM-nin 327.1-ci maddəsi ilə cərimə yazılmışdır. O, protokolu imzalamamışdır. Lakin, biraz sonra qərara baxdıqda onun İXM-nin 327.4-cü maddəsi ilə cərimə olunduğunu bilmişdir. Onun qayda pozduğu yol ayrıcında qanuna müvafiq olaraq 5.7.2 nişanı-yəni bir tərəfli hərəkət yoluna çıxış nişanı qoyulmalı olduğu halda qoyulmamış, həmçinin 3.1 qadağanedici nişanda qoyulmamışdır. O, həmin yolun birtərəfli olmasını təxminən 10 ilə yaxındır ki, orada yaşadığına görə bilir. Salyan şəhərində yerləşən sağa dönərək hərəkət etdiyi V.Əhmədov küçəsində birtərəfli hərəkət istiqaməti müəyyən olunsa da, onun döndüyü yolayrıcında birtərəfli hərəkət yoluna çıxışı bildirən 5.7.2 məlumatverici-göstərici yol nişanı olmamışdır. O, İXM-nin 4.1.5 nişanının tələblərini pozmuşdur və pozduğu xətaya görə cərimə olunmalıdır. Göstərilənlərə əsasən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin YPX-nin inspektoru polis serjantı X6 izahat verərək göstərmişdir ki, 01 aprel 2024-cü il tarixdə xidməti vəzifəsini icra edərkən, X10 şəhəri H.Z.Tağıyev və V.Əhmədov küçələrinin kəşisməsində yerləşən əsk istiqamətdə Mersedes Benz 200 minik markalı 77CY404 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğunu görüb onu saxlamış, bir tərəfli hərəkət yolunun əksinə getdiyinə görə barəsində İXM-nin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, həmçinin müvafiq qərarla 150 manat miqdarına cərimə etmişdir. X11 şəhəri V.Əhmədov küçəsində yaşayır və hər gün o, həmin küçədən gedir, hadisə yeri ilə evinin arası təxminən 40-50 metr təşkil edir. O, yolun bir tərəfli yol olduğunu bilir, lakin o, qanunu pozmadan evinə getmək üçün gərək 500 metr yol qət etsin. Məlum yol ayrıcıda 5.7.2 nişanı, həmçinin 3.1 qadağanedici nişan yoxdur, həmin nişanı onların qoymaq səlahiyyəti yoxdur, müvafiq komissiya bu barədə qərar qəbul etməlidir. Həmin nişan küçənin əvvəlində qoyulmuşdur. Fərid Qasımov məhz H.Z.Tağıyev və V.Əhmədov küçələrinin kəsişməsində yerləşən 4.1.5 nişanını pozmasını sübuta yetirə bilməmiş, o, birtərəfli hərəkət yolunda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və düzgün olaraq barəsində qərar qəbul edilmişdir. O, artıq yol sürməməsi üçün qaydanı bilərəkdən qəsdən pozmuşdur. Odur ki, şikayətin rədd edilməsini və qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Salyan RPŞ-nin YPX-nin inspektoru polis serjantı X6 tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol onu tərtib edən Asif Əhmədov və Fərid Qasımov tərəfindən imzalanmamış, həmin protokolda hadisənin mahiyyəti göstərilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Salyan RPŞ-nin YPX-nin inspektoru polis serjantı X6 tərəfindən X5 Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 01 aprel 2024-cü il tarixdə saat 20:12-də idarə etdiyi Mercedes Benz 200 markalı 77CY 404 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri H.Z.Tağıyev küçəsindən V.Əhmədov küçəsinə dönərkən yolayrıcında olan məcburi hərəkət istiqamət nişanı olan 4.1.5 yol nişanının (düzünə və ya sola hərəkət) tələbinə uyğun olaraq düzünə və ya sola hərəkət etməli olduğu halda həmin yol nişanının tələbini pozaraq sağ istiqamətə hərəkət etmişdir. Fərid Qasımovun sağa dönərək hərəkət etdiyi V.Əhmədov küçəsində birtərəfli hərəkət istiqaməti müəyyən olunsa da, onun döndüyü yolayrıcında birtərəfli hərəkət yoluna çıxışı bildirən 5.7.2 məlumatvericigöstərici yol nişanı olmamışdır. Bununla da, Fərid Qasımov birtərəfli hərəkət yolunda müəyyən olunmuş qaydanı deyil, dönərkən mövcud olan yol nişanının tələbini pozmuşdur. Belə olan halda, həmin şəxs məhz 4.1.5 yol nişanının tələblərini pozduğuna görə o, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətdiyini Fərid Qasımov özü də etiraf etmişdir. Buna baxmayaraq, Salyan rayon Polis Şöbəsinin YPX inspektoru düzgün olmayaraq həmin şəxsin döndüyü V.Əhmədov küçəsində müəyyən olunmuş birtərəfli hərəkət istiqamətinin əksinə hərəkət etməsinə görə onun barəsində İXM-nin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, daha sonra o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. 5.7.1 və 5.7.2 nişanları birtərəfli hərəkət yoluna çıxışı görsədən məlumatverici-göstərici nişanlara aid olmaqla, nişanlar sürücüyə bildirir ki, kəsilən yolda birtərəfli hərəkətdir və birtərəfli hərəkət sol və sağ tərəflərədir. Birtərəfli hərəkətin əksinə sola və ya sağa getmək olmaz. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. Əgər kəsilən birtərəfli yola daxil olunursa birtərəfli yola aid qaydalara əməl edilməlidir. Nişanlar birtərəfli yola daxil olan bütün yan keçidlərin qarşısında vurulmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə də, mövcud vəziyyətdə X3 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin İ-ci bəndinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). X-cu bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda yol nişanları qurmaq qadağandır. Xİ-ci bəndinə əsasən yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Xİİ-ci bəndinə əsasən müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar. Həmin Qanunun 65-ci maddəsinin İ-ci bəndinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. İİ-ci bəndinə əsasən bu nişanların dairəvi forması və mavi fonu vardır. İİİ-cü bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1—4.1.6 nişanlarının qüvvəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. İV-cü bəndinə əsasən 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Salyan rayon X14 Patrul Xidməti inspektoru tərəfindən X3 barəsində 01 aprel 2024-cü il tarixli TP ******* saylı qərar qəbul edilərkən Azərbaycan Respublikasının İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu səbəbdən də həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Salyan RPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 134, 135, 128- 137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Salyan RPŞ-nin Yol Patrul Xidməti tərəfindən X3 barəsində qəbul edilmiş 01 aprel 2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün qərarı qəbul etmiş orqana (vəzifəli şəxsə) göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(057)-352/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-352/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver