Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-359/2025 02.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X1 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon PŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş leytenantı X2 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Qərardan görünür ki, Salyan rayon PŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş leytenantı X2 tərəfindən X5 İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 qərardan məhkəməyə şikayət verərək TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin xitam olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il tarixində anadan olmuşdur. Onun BC900536 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli sürücülük vəsiqəsi xx.xx.2033-cü il tarixinə kimi etibarlıdır. “Hyundai Santafe minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil öz mülkiyyətindədir. xx.xx.2025-ci il axşam saatlarında “Hyundai Santafe minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri, X.Ulutürk küçəsindən H.Z.Tağıyev küçəsinə dönmə manevri etmişdir. Həmin vaxt YPX-nin əməkdaşları onu saxlamışlar və Əli bəy Hüseynzadə küçəsi ilə X8 küçəsinin kəsişməsində olan işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyini iddia edərək ona cərimə tətbiq ediləcəyini bildirmişlər. YPX inspektoru ondan sənədlərini tələb etmişdir, oda öz növbəsində sənədləri təqdim etmiş və sənədləri qaytaran zaman “cərimə telefona gələcək, ödəyərsən” demişlər. Bunun nəticəsində də, hadisə yerində protokol tərtib edilmədən, törətməkdə günahlandırıldığı inzibati xəta qanunamüvafiq şəkildə sübut edilmədən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair TXP6947306 nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati xəta törədilməsi barədə protokol tərtib edilmişdir. Bu protokola əsasən inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli, TP7090943 nömrəli qərar qəbul edilmişdir. Bu qərara əsasən ona 100 manat miqdarında cərimə yazılmışdır. Bu qərar ona polis əməkdaşı tərəfindən kağız daşıyıcıda verilməmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində Salyan RPŞnin DYP bölməsinə yaxınlaşaraq əldə etmişdir. Qəbul edilən bu TP7090943 nömrəli qərar və yazılan cərimə isə tamamilə qanunsuz və əsassızdır. Heç bir inzibati xətadan söhbət belə gedə bilməz. Çünki o qeyd edilən inzibati xəta əməlini törətməmişdir. Tamamilə yol hərəkət nişanları və hərəkət zolaqlarına uyğun olaraq hərəkət etdiyi üçün onun barəsində yazılmış 1XP6947306 nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati xəta törədilməsi barədə protokol qanunsuz və əsassızdır. Buna görə də bu protokola əsasən onun barəsində YPX tərəfindən qəbul edilmiş, inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli, TP7090943 nömrəli qərar da qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Həmçinin əraziyə yaxın olan müşahidə kameralarının görüntüsü onda yoxdur. Buna görə də, düşünür ki, bu video materiallar YPX tərəfindən məhkəməyə təqdim edilməlidir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 İbad oğlu verdiyi şikayət ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Hyundai Santafe minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili Salyan şəhəri, X.R.Ulutürk küşəsində idarə edərkən H.Z.Tağıyev küçəsinə dönmə manevri etmişdir. Həmin vaxt YPX-nin əməkdaşı onu saxlatdırmışdır. Polis əməkdaşı onun işıqforun qadağanedici verilərkən hərəkətini davam etdirdiyini iddia edərək, onu cərimə tətbiq ediləcəyini bildirmişdir. Xətanı törətmədiyini bildirərək, polisin tələbi əsasında sənədləri təqdim etmişdir. Bu barədə əgər xəta törədibsə çəklişə baxmasını xahiş etmişdir. Polis ona çəklişi göstərəcəyini bildirsə də, sonradan silindiyini bəhanə edərək, göstərməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Salyan RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə “Hyundai Santafe minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İXM-in 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İXM-in 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, məhkəmə iclasında iclas katibi tərəfindən Salyan rayon PŞ-nin DYPB-nin əməkdaşları ilə mobil telefon vasitəsi ilə danışmış, məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsi və xx.xx.2025-ci il tarixdə vətəndaş X5 tərəfindən Salyan şəhəri, X.R.Ulutürk küçəsində yol verdiyi inzibati xətaya dair foto və videogörüntülərin məhkəməyə təqdim edilməsi təklif olunsa da, əməkdaşlar hadisə ilə bağlı hər hansı bir foto və videogörüntü məhkəməyə təqdim edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. İş materiallarından görünür ki, X5 istifadəsində olan “Hyundai Santafe minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan şəhəri, X.R.Ulutürk küçəsində inzibati xəta törətməsini müəyyən etmək, inzibati xəta hadisəsi ilə bağlı foto və videogörüntü olmadan ədalətli qərar qəbul edilməsi mümkün deyildir. İXM-in 327.2-ci maddəsinin tələbinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. İXM-in 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X5 tərəfindən İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X5 barəsində TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə də, Salyan RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam veriməlidir. Şərh olunanlara əsasən və İXM-in 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Salyan RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-359/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-359/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver