Məhkəmə qərarları › İş №3(057)-360/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-360/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-360/2025 07.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttişi X1 iştirakları ilə, Kayman adalarının “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kayman adalarının “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXMnin 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, “Salyan OİL Limited” şirkətinə ünvanlanmış 22/1025 nömrəli xx.xx.2024-cü il tarixli DEEA-nin icrasına nəzarət zamanı 6 ədəd saksaul kolunu məhv edilməsi 7-10 ədəd saksaul kolunu zədələnməsi (texniki vasitəsilə) faktı “Yaşıllıq mühafizəsi haqqında” qanunun 10,19 maddəsini tələblərini pozumuşdur. Bununla da, “Salyan Oil Limited” şirkəti İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-1145/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Kayman adalarının “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 25000 (iyirmi beş min) manat miqdarda cərimə edilmişdir. Məhkəmənin həmin qərarından narazı qalan Kayman adalarının “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan rayon Məhkəməsinin 3(057)-1145/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Salyan rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərar onunla əsaslandırılmışdır ki, Salyan rayon Məhkəməsində iş bir tərəfli qaydada araşdırılmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamış, yəni inzibati orqan 3 saylı RETSİ tərəfindən aparılmış yoxlamanın (araşdırma və monitorinq) qanuni olub-olmaması, vahid məlumat reyestrində qeydə alınibalınmamasını, aparılmış yoxlamanın "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410- İVQ nömrəli Qanununun tətbiqi və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri çərçivəsində aparılıb-aparılmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş, ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılmalıdır. Lakin iş materiallarından göründüyü kimi 3 saylı RETSİ tərəfindən aparılmış yoxlamanın ətraf mühitə birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə konkret olaraq hansı hüquqi və fiziki şəxsdən, dövlət və yerli özünüidarə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması araşdırılmamış, bu barədə rəsmi müraciət iş materiallarına əlavə edilməmiş, aparılmış plandankənar yoxlamanın təxirəsalınmazlığı əsaslandırılmamış, vurulmuş zərərin mühüm zərər hesab edilməsi tam araşdırılmamış, həmçinin yoxlama aparılmasında fəaliyyəti yoxlanılan sahibkarlıq subyektinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. İş materiallarından göründüyü kimi, 3 saylı X4 Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş AKT-dan görünür ki, ümumiyyətlə yoxlamanın aparılması barədə rəsmi müraciət daxil olmamış, "guya həmin ərazidən təsadüfən keçən zaman" bu faktı aşkarlamışlar. Lakin Məhkəməyə təqdim olunan akt və protokoldan görünür ki, Ekoloji Rəyin yerinə necə yetirilməsi ilə bağlı həmin müfəttişlər xüsusi olaraq rəhbərlik tərəfindən sahəyə ezam olunmuşlarmış. Faktiki olaraq tərtib olunmuş protokoldan və digər sənədlərdən də bəlli olur ki, müfəttişlər "plana uyğun olaraq yoxlamada" olmuşlar və verilmiş "ekspertiza rəyinin" yerinə yetirilmə vəziyyətini yoxlamaq üçün əraziyə gəlmişlər. Buna baxmayaraq, işə baxan məhkəmə tərəfindən qeyd olunan məsələlər tam araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, DEEA-nın icrasına nəzarət zamanı 6 ədəd saksaul kolunun məhv edilməsi 7-10 ədəd saksaul kolunun zədələnməsi (texniki vasitəsilə) faktı aşkar edilmişdir. Bu fakt sahibkarlıq aparılan yoxlama kimi deyil, “Yaşıllıqların mühafizəsinə nəzrətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarının 2.5-ci bəndinə uyğun olaraq yaşıllıqların mühafizəsinə dövlət nəzarəti sahəsində həyata keçirilmişdir. Buna görə də, yoxlamanın aparılması barədə rəsmi müraciət olmamış, aparılmış yoxlamanın vahid məlumat reyestrində qeydə alınmasına zərurət olmamışdır. Odur ki, tərtib olunmuş protokolu müdafiə edərək, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Kayman adalarının “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, təmsil etdiyi şirkət ekologiyaya həssas yanaşır, iş aparılan ərazilərdə sonradan abadlıq işləri apararaq, ərazini əvvəlki vəziyyətindən daha abad vəziyyətə gətirir. Şirkətin loqosunda belə həyat mənbəyi olan su damcısı və saksaul kolunun budağı təsvir olunmuşdur. Şirkət Azərbaycan Respublikası üçün strateji məhsul olan neft məhsulunun çıxarılması və yeni quyuların qazılması ilə məşğuldur. Həmçinin göstərmişdir ki, ərazidə yoxlama aparılması da qanunsuz olmuşdur. Belə ki, Ədliyyə Nazirliyində yoxlamanın aparılması ilə bağlı qeydiyyatdan keçməmişdir. Baxmayaraq ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır və həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, buna baxmayaraq (yəni yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) yenə də yoxlayıcının inzibati akt tərtibi üçün istinad etdiyi “Yaşıllıqların mühafizəsi haqqında Qanunun” 13.1.2. maddəsinin tələblərinə Salyan Oil Limited Əməliyyat Şirkəti tərəfindən tam əməl edilmiş və ediləcəkdir. Qanunvericiliyin tələbinə zidd olaraq keçirilmiş yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə ki, 3 saylı RETSİ tərəfindən aparılmış araşdırma və monitorinqin “Yaşıllıqların mühafizəsi haqqında Qanunun” 10,19 maddələrinin tələblərinin (o da bəlli deyil ki hansı tələblərin) pozulması aşkar edilməsi barədə tərtib edilən 28 oktyabr 2024- cü il tarixli 87599 saylı akt, inzibati xəta barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolun tərtib edilməsinə əsas olmuşdur. Bir daha məlum edirik ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göründüyü kimi, bütün yoxlamalar vahid məlumat reyestrində qeydə alınmalıdır. Əgər yoxlama qeydiyyata alınmayıbsa onun hüquqi nəticəsi yoxdur. İnzibati xəta barədə protokolun tərtib edilməsinə əsas olmuş 28 oktyabr 2024- cü il tarixli 87599 saylı akt məhz vahid məlumat reyestrində qeydə alınmadan keçirilmiş araşdırma və monitorinqin ( təqdim olunmuş sənədlərə əsasən yoxlamanın) nəticəsində tərtib edilmişdir və hüquqi nəticəsi yoxdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması" haqqında Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilən istisna hallar keçirilmiş yoxlamada (araşdırma və monitorinq) öz əksini tapmamış və əsaslandırılmamışdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması" haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu müddətdə yalnız istisna hallarda ( vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar və s. adı qeyd olunan yoxlamalar) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparıla bilər. Sözügedən hallardan heç biri mövcud olmadığı halda 3 saylı RETSİ tərəfindən yoxlama həyata keçirilmişdir və Qanunun 2.1-ci maddəsində göstərilən istisna hallardan (əvvəlki etirazda bunların siyahısı məhkəməyə təqdim olunmuşdur) hansının əsas götürülərək yoxlamanın keçirilməsi əsaslandırılmamışdır. Beləliklə, inzibati orqan tərəfindən keçirilmiş yoxlama (araşdırma və monitorinq) həm vahid məlumat reyestrində qeydə alınmamışdır, həm də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması" haqqında Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilən istisna hallar keçirilmiş yoxlamada (araşdırma və monitorinq) öz əksini tapmamış və əsaslandırılmamışdır. Yoxlamanın müvafiq reyestrdən qeydiyyata alınması üçün müraciət etmədən, yəni vacib şərtə əməl etmədən və qeyriqanuni yoxlama keçirilməsi nəticəsində qeyri-qanuni və əsassız aktı tərtib edilmişdir. Odur ki, Qanunsuz akt əsasında tərtib edilən inzibati xəta əməlini törətməsi ilə bağlı protokol da qanunsuz və etibarsızdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kayman adalarının “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; X2 xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, işlərin icrası müddətində ekoloji ekspertiza rəyində müəyyən olunmuş ekoloji tələblərin pozulması hallarına yol verildikdə ekspertiza rəyinin hüquqi qüvvəsinin dayandırılması məqsədi ilə qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir.Əməliyyatların yerinə yetirilməsində, istismar müddəti başa çatdıqdan sonra istismardan çıxarma və ərazinin reabilitasiya əməliyyatların icrasında sifarişçi məsul hesab edilir. xx.xx.2024-cü il tarixli, 87599 saylı akta əlavə edilmiş cədvəldən görünür ki, Kayman adalarının “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Kürsəngi kəndi neft mədənlərinin yaxınlığında yeni quyuların tikintisi zamanı saksaul kollarının məhv edilməsi nəticəsində təbiətə 960 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Salyan OİL Limited” şirkətinə ünvanlanmış 22/1025 nömrəli xx.xx.2024-cü il tarixli DEEA-nin icrasına nəzarət zamanı 6 ədəd saksaul kolunu məhv edilməsi 7-10 ədəd saksaul kolunu zədələnməsi (texniki vasitəsilə) faktı “Yaşıllıq mühafizəsi haqqında” qanunun 10,19 maddəsini tələblərini pozulmuşdur. Bununla da, “Salyan Oil Limited” şirkəti İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. “DVD” diskdə olan 3:52 saniyədən ibarət olan videoyazıdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Kamran Səmədov xx.xx.2024cü il tarixdə, saat 09:00 radələrində Salyan rayonu, Kürsəngi kənd İnzibati Ərazisində “Salyan Oil Limited” şirkəti tərəfindən işlər aparıldığını, işə texnika cəlb edildiyini, 18- AD195 dövlət qeydiyyat nişanlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, 18-T-640 dövlət qeydiyyat nişanlı yük avtomobilləri və “Kat” markalı, 18- AB-067 dövlət qeydiyyat nişanlı ekskavator vasitəsi ilə 6 ədəd saksaul kolunun məhv edilməsi, 7-10 ədəd saksaul kolunun zədələnməsini göstərmişdir. “DVD” diskdə olan 1:41 saniyədən ibarət videoyazıdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Kamran Səmədov ərazini göstərərək bildirir ki, təxminən 1 hektara yaxın ərazidə qazma işləri aparılaraq, yeni quyu tikiləcəyini bildirmişdir. Görülən işlər nəticəsində saksaul kollarının ərazidən götürüləcəyini deyərək, onların saylarını bir-bir sayaraq 73 ədəd bioloji inkişafda olan saksaul kollarını qeydiyyata almışdır. Həmçinin “DVD” diskdə olan 20 ədəd fotoşəkil vasitəsilə görüntü olan hallar qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, “Salyan Oil Limited” şirkəti tərəfindən neft quyularının qazılması zamanı saksaul kollarının məhv edilməsi faktı aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, yoxlama mahiyyətcə ekoloji nəzarət çərçivəsində həyata keçirilsə də, lakin sahibkarlıq subyektinə yönəldiyindən, forma baxımından sahibkarlıq sahəsində aparılan yoxlamaya aiddir və bu zaman "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə əməl olunmalı idi. Belə ki, “Salyan Oil Limited” şirkəti neft quyularının qazılması ilə məşğul olan sahibkarlıq subyektidir və bu fəaliyyətin ekoloji tələblərə uyğun aparılması tələb olunur. Kollara ziyan dəyməsi şirkətin neft hasilatı fəaliyyətinin bir nəticəsidir, yəni ekoloji pozuntu, sahibkarlıq fəaliyyətinin özündən qaynaqlanır. Ekologiya Nazirliyi tərəfindən aparılan yoxlama, məhz sahibkarlıq fəaliyyətinin ekoloji tələblərə uyğunluğunu yoxlamaq məqsədini güdür, buna görə də bu yoxlama sahibkarlıq fəaliyyəti çərçivəsində aparılır. Buna əsasən, yoxlamanın reyestrdə qeydiyyatdan keçməsi tələb olunur, çünki sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün bu cür yoxlamalar qanuna uyğun şəkildə həyata keçirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, 3 saylı RETSİ-i tərəfindən aparılmış yoxlama (araşdırma və monitorinq) qanuni olmamış, vahid məlumat reyestrində qeydə alınmamış, bu isə yoxlamanın qanunsuz aparıldığını göstərir. Aparılmış yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə zidd olaraq aparılmışdır. Plandankənar yoxlama üçün qanunla tələb olunan əsaslandırılmış rəsmi müraciət olmamış, protokolda yoxlamanın “həmin ərazidən təsadüfən keçən zaman fakt aşkarlanıb” yazılsa da, bu məlumat heç bir hüquqi əsas daşımır və prosedur pozulmuşdur. Yoxlamanın səbəbi və məqsədi açıq və hüquqi sənədlərlə əsaslandırılmamış, həmçinin yoxlama aparılmasında fəaliyyəti yoxlanılan sahibkarlıq subyektinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Odur ki, qeyd olunan hallar inzibati icraatın əsas prinsiplərinin pozulması və iş üzrə etibarlı sübutların mövcud olmaması kimi qiymətləndirilir. Təqdim olunmuş sübutlar qanunsuz aparılmış yoxlamaya əsaslandığı üçün etibarsız sayılır, yoxlama isə qanunvericiliyin – xüsusilə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun və müvafiq icra hakimiyyəti aktlarının tələblərinə zidd olaraq həyata keçirildiyindən, iş üzrə əldə edilmiş sübutlar hüquqi qüvvəyə malik deyil və buna görə də, Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Saksaul kolluqlarının zədələnməsi dövlət tərəfindən müvafiq razılaşdırılmış və icazəli neftçıxarma fəaliyyətinin həyata keçirilməsi zamanı baş vermiş, bu fəaliyyət isə dövlət iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən sahədir. Ərazidə aparılan işlər dövlət ehtiyaclarını ödəməyə yönəlmiş və qanunvericiliyə uyğun şəkildə planlaşdırılmışdır. Ətraf mühitə dəymiş zərər formal olaraq baş versə də, bu əməl inzibati xəta anlayışına uyğun gəlmir. Çünki şirkətin hərəkətlərində hüquqaziddlik və ya təqsirlilik elementi aşkar edilməmiş, belə olan halda, bu hərəkət, ictimai münasibətlərə qəsd edən hüquqazidd və təqsirli bir əməl hesab oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Kayman adalarının “Salyan Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar