Məhkəmə qərarları › İş №3(057)-365/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-365/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-365/2025 17.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 17 fevral 2025-ci il tarixli, TP ******* saylı elektron qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 17 fevral 2025-ci il tarixli, TP ******* saylı elektron qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayətlə müraciət edərək, 17 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Sədərək Ticarət Mərkəzinin daxilində mənə məxsus 77- FV-731 qeydiyyat nömrəli Hyundai Elantra markalı minik avtomobili ilə hərəkət edən zaman qarşısına çıxan yol ayrıcında svetaforun yaşıl işığında hərəkətini davam etdirib, yol ayrıcından sağa dönmüşdür. O, dönmə əməliyyatını icra etdikdən 1 dəqiqə sonra yol patrul xidməti inspektoru, polis serjantı X2 avtomobili sağa çəkərək dayanmağını əmr etmişdir. Avtomobilini sağa çəkib dayanmışdır. Ondan yol patrul xidməti avtomobilinə gələrək əyləşməyini söyləmişlər. Yaxınlaşıb yol patrul xidməti avtomobilinə əyləşmişdir. Ona bildirmişlər ki, svetaforun qırmızı işığında keçmişdir və barəsində protokol tərtib ediləcəkdir. O, bildirmişdir ki, yaşıl işıqda keçmişdir və xahiş etmişdir ki, görüntü olaraq ona göstərsinlər ki, həqiqətəndə qırmızı işıqda keçmişdir. Bildirmişdir ki, görüntü yoxdursa protokol qərarsız tərtib olunsun ki, inzibati qaydada şikayət verə bilsin. Lakin yol patrul xidməti inspektoru protokolu qərarlı tərtib etmişdir. Həmin gün o 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. 102 xidməti şikayətini qeydə almış, Qaradağ rayon DYPŞ-nə yönlənmişdir. 22 fevral 2025-ci il tarixdə Qaradağ rayon DYPŞ-dən onunla telefon vasitəsi ilə Cəmalə adlı bir xanım əlaqə saxlayaraq bildirmişdir ki, şikayəti araşdırılır və qərarı yalnız Məhkəmə ləğv edə bildiyi üçün məhkəməyə şikayət verə bilər. Həmin an o xanımdan qərarın ona hələdə təqdim edilmədiyini yəni poçt və ya hər hansı elektron portal üzərindən ona göndərilmədiyini bildirmişdir. Xanıma xahiş etmişdir ki, qərarın şəklini ona whatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərsin ki, o qərardan məhkəməyə şikayət edə bilsin. 24 fevral 2025-ci il tarixdə qərar ona whatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərilmişdir. (qərarın ona təqdim olunması ilə bağlı sübut edici görüntü ərizəsinə əlavə olunmuşdur). Odur ki, qərar ona 24 fevral 2025-ci il tarixdə təqdim olunub və o məhkəməyə qərardan şikayət ərizəsini 28 fevral 2025-ci il tarixdə təqdim etmişdir. İtirilmiş müddətin bərpa olunmasını, ərizəsinə müsbət şəkildə baxılmasını və şikayətin təmin olunması üçün qərar verilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən şəxs X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 17 fevral 2025-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin orqana - Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Qaradağ Rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 18:03-də istifadəsində olan “Hundai Elantra” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sfetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İş materiallarından görünür ki, vətəndaş X3 istifadəsində olan “Hundai Elantra” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sfetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsini müəyyən etmək, inzibati xəta hadisəsi ilə bağlı foto və videogörüntü olmadan ədalətli qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X3 tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində 17 fevral 2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, Qaradağ Rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 17 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. X3 barəsində Qaradağ Rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar