Məhkəmə qərarları › İş №3(057)-366/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-366/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-366/2024 22.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1988110/415 saylı və xx.xx.2024-cü il tarixli, MN 1988109/416 saylı inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988109/416 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988110/415 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Salyan rayonu Bayraq meydanı ətrafında ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə Salyan rayonu Bayraq meydanı yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş leytenantı Bahadur Qafarov xidmətdə olarkən **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlamış, ona təhkim olunmuş telefon vasitəsi ilə həmin şəxsin videosunu çəkmiş və ona yaxınlaşaraq hüquq pozuntusu barədə məlumat verərək özünü təqdim etməsini, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişdir. Şəxs isə polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq özünü təqdim etməkdən imtina etmiş, aqressiv şəkildə orada polisin ünvanına, o cümlədən, ünvansız ucadan nalayiq ifadələrlə söyüşlər söymüş, ətrafdakıların diqqətini cəlb etmək üçün qışqıraraq ictimai qaydanı pozmuşdur. Həmin vaxt Bahadur Qafarov onu intizama dəvət etsə də, Şəxs həmin hərəkətlərini davam etdirmişdir. Polis Şöbəsinin həyətində Şəxs avtomobildən düşərkən aqressiv şəkildə əlindəki açardan asılan ucu biz alətlə 2-3 dəfə vuraraq özünə xəsarət yetirmiş, polis şöbəsinin növbətçi hissəsində də, ucadan söyüşlər söyərək polis şöbəsinin iş rejimini təxminən 15-20 dəqiqə ərzində pozmuşdur. Bundan sonra, Bahadur Qafarov, eləcə də, növbətçi hissənin məsul növbətçisi tərəfindən müvafiq raportlar təqdim olunmuş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs guya polis əməkdaşlarının ona xəsarət yetirməsi, işgəncə verməsi barədə göstərdiklərinin hamısı yalandır, belə bir hal olmamışdır. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 21 aprel 2024-cü il tarixdə günorta saatlarında Salyan rayonu Bayraq meydanı yaxınlığında özünə məxsus **-LG-*** dövlət qeydiyyat nişanlı maşını ilə hərəkətdə olarkən **-YP-*** dğvlət qeydiyyat nişanlı yol patrul xidmətinin əməkdaşları ona saxla əmri vermiş, maşını saxladıqdan sonra polis əməkdaşı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə qayda pozuntusu törətdiyini, barəsində protokol tərtib olunacağını bildirmiş, o isə hazırda maşında ailəsinin olduğunu, tələsdiyini, 5-10 dəqiqədən sonra qayıdacağını bildirmişdir. Bir az keçdikdən sonra geri qayıtmış, nəyə görə ətrafında olan digər sürücülərin təhlükəsizlik kəmərindən istifadə etmədikləri halda saxlanılmadıqlarını, məhz onun bu səbəblə saxlanıldığını əsas gətirərərk əsəbiləşmişdir. O, əlindəki telefonla ətrafında olan təhlükəsizlik kəməri taxmayan digər sürücüləri çəkmişdir. Polis əməkdaşları onu zorla avtomobilə əyləşdirmiş və Salyan RPŞnə aparmışdırlar. Orada onun başına bir neçə zərbələr və şillə vurmuşdurlar. Polis şöbəsində olarkən polis əməkdaşları özləri ona yaxınlaşaraq onu təhqir etmişlər və ona görə də, o, həmin şəxslərə cavab qaytarmışdır. Odur ki, barəsində olan işə xitam verilməsini və materialın araşdırma aparılması üçün Salyan rayon prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin DYPB-nin YPX-nın inspektoru X5 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, Bayraq meydanı yaxınlığında DYPİ-nin YPX-nin polis serjantı Bahadur Qafarovla xidmət aprarkən **-LG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünü təhlükəsizlik kəmərindən istifadə etməyi üçün saxlama işarəsini vermişdir. B.Qafarov ona yaxınlaşıb özünü təqdim edib qayda pozuntusunu ona izah edib, ARİXM-nin 329.1-ci maddəsilə protokol tərtib olunaraq 40 manat məbləğində cərimə olunacağını ona bildirmişdir. Bu zaman həmin maşının sürücüsü Şəxs ona protokol yazılmamasını bildirərək, əsəbləşib ucadan nalayiq söyüşlər söyərək ətrafdakı insanların nəzər diqqətini özünə cəlb edərək onların işinə mane olmağa çalışmışdır. Bu zaman onu sakitçiliyə riayət etməyi və ətrafdakı insanların narahatçılığını pozmadan söyüş söyməməsini bildirmişlər. Lakin maşının sürücüsü Şəxs özünün istifadəsində olan mobil telefonu götürərək video çəkiliş aparmağa başlamış və niyə məhz onu saxladıqlarını, onun kimi digər qayda pozuntusu edənləri saxlamadıqlarını onlara göstəriş verərək iş prinsiplərinə mane olmuşdur. Onu nə qədər sakitləşdirmək istəsələr də, o, hərəkətlərinə davam etdirmişdir. Bu səbəbdən onu Salyan Rayon PŞ-nə gətirmişlər. Şəxs guya polis əməkdaşlarının ona xəsarət yetirməsi, işgəncə verməsi barədə göstərdiklərinin hamısı yalandır, belə bir hal olmamışdır. Əksinə, o, aqressiv şəkildə əlindəki açardan asılan ucu biz alətlə 2-3 dəfə özü-özünə vuraraq xəsarət yetirmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin DYPB-nin YPX-nın inspektoru X2 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Salyan şəhəri Bayraq meydanı yaxınlığında Salyan RPŞ-nin inspektoru Vidadi Əliyevlə xidmət apararkən **-LG-*** DQN-lı avtomaşının sürücüsü “Təhlükəsizlik kəmərindən” istifadə etmədiyi üçün ona saxla işarəsi vermişlər. Ona yaxınlaşaraq özünü təqdim etmiş və ona inzibati qayda pozuntusu etdiyini, ARİXM-nin 329.1 maddəsi ilə protokol tərtib olunaraq 40 manat məbləğində cərimə olunacağını onu bildirmişdir. Bu zaman həmən maşının sürücüsü Şəxs ona protokol yazılmamasını bildirərək əsəbləşib ucadan nəlayiq ünvansız söyüşlər söyərək ətrafdakı insanların nəzər və diqqətini özünə cəlb edərək onların işinə mane olmağa çalışmışdır. Bu zaman ona sakitçiliyə riayət etməyi və ətrafdakı insanları narahatlığını pozmadan söyüş söyməməsini bildirmişlər. Lakin sürücü Şəxs özünün istifadəsində olan mobil telefonu götürərək video çəkiliş aparmağa, niyə məhz onu saxladıqlarını, onun kimi digər qayda pozuntusu edənləri saxlamadığlarını göstəriş verərək onların iş prinsiplərinə mane olmuşdur. Onu nə qədər sakitləşdirmək istəsələr də, İlham öz hərəkətlərinə davam etdirmişdir. Bu səbəbdən onlar Şəxs Salyan RPŞ-yə gətirdilər. Şəxs guya polis əməkdaşlarının ona xəsarət yetirməsi, işgəncə verməsi barədə göstərdiklərinin hamısı yalandır, belə bir hal olmamışdır. Əksinə, o, aqressiv şəkildə əlindəki açardan asılan ucu biz alətlə 2-3 dəfə özü-özünə vuraraq xəsarət yetirmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Salyan RPŞ-nin DYPB-nin YPX-nın inspektoru Bahadur Qafarovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyinə, onları söyüb təhqir edərək qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində tədbir görülməsindən ötrü Salyan RPŞ-nə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN 1988109/416 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Bayraq meydanı yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli, MN 1988110/415 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Salyan rayonu Bayraq meydanı ətrafında ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, xx.xx.2024-cü il tarixdə, saat təxminən 17 radələrində Salyan şəhəri Bayraq meydanı yaxınlığında təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ona yaxınlaşan Salyan RPŞ-nin İTB-nin sahə polis nəfəri Bahadur Qafarovun qanuni tələblərinə qəsdən tabe olmayaraq özünü təqdim etməkdən imtina etmiş, bundan sonra küçədə ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs Salyan RPŞ-nə aparılaraq şəxsiyyəti müəyyən edilmiş və barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Hazırkı inzibati xəta haqqında işdə hər hansı cinayətin əlamətləri məhkəmə tərəfindən müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi və materialların prokurora göndərilməsi üçün əsas yoxdur. Şəxs özü-özünə və ya polis əməkdaşının ona xəsarət yetirməsi isə hazırkı işin araşdırma predmeti deyildir, xəsarət alan şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs inzibati qaydada tutularaq bir gün həbsdə saxlanılması müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 19 (on doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 aprel 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar