Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-373/2025 12.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X3, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Xurşud kəndində həmyerlisi X1 itələyib cırmaqlaması nəticəsində ona xəsarət yetirməklə inzibati xəta törətmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin sahə rəisi X7 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlı raportla məruzə edərək, Salyan RPŞ-nə yazdıqları ərizə əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanada Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğunun müəyyən edilməsini bildirmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onların münasibəti normal olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. Şahsənəmin həyətyanı torpaq sahəsi onun yaşadığı evin yanındadır.Şahsənəm mütəmadi olaraq həmin torpaq sahəsinə gəlib nəzarət edir. O, bir neçə dəfə ona irad bildirib torpaq sahəsinə su keçdiyini demişdir. O da Şahsənəmə səbəbkarın o olmadığını bildirmişdir. 11 fevral 2025-ci il tarixdə günorta saatlarında o, su çəninə kanaldan su vurmaq üçün motoru qoşub evinə getmişdir. Həmin vaxtı qızı onu çağırıb bir nəfər qadının su borusunu kanaldan çıxartdığını demişdir. Pəncərədən baxan zaman həmin şəxsin Şahsənəm olduğunu görmüşdür.Buna görə də aşağı düşmüşdür. Şahsənəmin yanına gedib boruları niyə çıxartdığını demişdir. O da yaxşı etdiyini, torpağını su basdığını bildirmişdir. O da Şahsənəmə bu barədə ona xəbərdarlıq etməsini demişdir. Onların arasında mübahisə başlamışdır. Şahsənəm onu nalayiq ifadələrlə söymüşdür. O da Şahsənəmə söyüş söyməməsini bildirmişdir. Bu zaman Şahsənəm onun saçından yapışıb baş nahiyyəsinə sillə ilə vurmuşdur. O, Şahsənəmin əlini geri çəkmək istəyərkən sol əlini cırmaqlamışdır. Ondan sonra onlar aralaşmışdır. O, yerdə olan ağac parçasını götürüb onu hədələmişdir. O, bu barədə ərinə məlumat vermişdir. Şahsənəm də oradan çıxıb getmişdir. O da polisə məlumat vermişdir. Aralarında barışıq olmamışdır. Himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun həmkəndlisidir. Onların münasibəti normal olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. Onların evləri ayrı yerlərdədir. Buna baxmayaraq Böyükxanımın evinin yanında onun 12 sot həyətyanı torpaq sahəsi vardır. Orada oğlu üçün ev tikdirəcəkdir. Ona görə də mütəmadi olaraq torpağına gedib nəzarət edir. Əvvəllər onların arasında bu barədə bir neçə dəfə mübahisə olmuşdur. Səbəb isə Böyükxanımın həmin torpaq sahəsini özünküləşdirmək istəməsi olmuşdur. Lakin sonradan o, rəsmi qaydada həmin torpaq sahəsinin sənədini aldığı üçün ona torpaq sahəsini satmağını bildirmişdirlər. O da torpaq sahəsini satmayacağını bildirmişdir. Ona görə də hazırda onların münasibəti pisdir. 11 fevral 2025-ci il tarixdə saat 14 radələrində o, torpaq sahəsinə baxmaq üçün getmişdir. Bu zaman torpaq sahəsini su basdığını, sahəyə su borusu vasitəsilə su axdığını görmüşdür. Buna görə də kanalın suyunu bağlamışdır. Böyükxanım evinin pəncərəsini açıb suyu niyə bağladığını ona demişdir. O da suyun onun torpaq sahəsinə axdığını demişdir.Ondan sonra Böyükxanım həyətə düşüb onun yanına gəlmişdir. O, borunu onun sahəsinə yenidən atmışdır. Bu səbəbdən onların arasında mübahisə düşmüşdür. O, borunu yenidən onun həyətinə atmaq istəyərkən Böyükxanım onun sol əlinə cırmaq atıb xəsarət yetirmişdir. O da əlində olan ağac parçası ilə onun qıç nahiyyəsinə vurmuşdur. Sonra onlar ayrılmışdır. O, oradan çıxıb getmişdir. Aralarında barışıq olmamışdır. Şəxs şikayətçidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlı tərəfindən tərtib olunmuş 18 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlı tərəfindən tərtib olunmuş 18 fevral 2025-ci il tarixli raportdan görünür ki, Salyan rayonu Xurşud kənd sakini Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi əlamətləri olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Xurşud kənd ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Salyan rayon Sarvan kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayon Şorsulu kəndi ərazisində Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və araşdırma aparılmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Xurşud kənd ərazisində Zərərçəkmiş şəxs döymüş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən himayəsində iki azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunması isə ona görə məqsədəmüvafiq deyil ki, İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından da göründüyü kimi, Şəxs himayəsində iki azyaşlı qızı (xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5) adlı uşaqları olduğundan qanunvericiliyin tələbinə görə ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilə bilməz. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-373/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-373/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver