Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-375/2025 12.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis kaptanı X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 12 mart 2025-ci il tarixli, MN ******* nömrəli saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək, xx.xx.2024-cü il tarixdə Salyan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “qeyd” hissəsindən görünür ki, bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Hazırki işin hallarından görünür ki, inzibati xəta haqqında tərtib edilmiş protokolda şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qeyd edilsə də, həmin maddənin konkret miqdarı göstərilməmişdir. Halbuki, narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq həddi 5 qramdan yuxarı müəyyən edilmişdir. Lakin protokolda konkret miqdarın göstərilməməsi işin düzgün hüquqi qiymətləndirilməsinə maneə yaradır və şəxsin əməlində inzibati xəta və ya cinayət tərkibinin olmasını dəqiq müəyyən etməyə imkan vermir. Hüquqi baxımdan bu hal, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətin növü və ölçüsünü müəyyənləşdirməkdə qeyri-müəyyənlik yaratmaqla yanaşı, şəxsin müdafiə hüququnun da məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən, işin hüquqi baxımdan düzgün araşdırılması və müvafiq qərarın qəbul edilməsi üçün qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmir. Eyni zamanda, sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış və ona protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanı yaradılmamışdır. Bundan başqa, şəxs barəsində narkotik vasitələrdən istifadəyə görə inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, narkotik vasitənin miqdarını müəyyən edən ekspertizanın rəyi iş materiallarına əlavə olunmamış, bu isə şəxsin üzərindən götürülmüş maddənin konkret çəkisini müəyyən etməyə imkan vermədiyindən, onun əməlində inzibati xəta və ya cinayət tərkibinin mövcudluğu barədə qeyri-müəyyənlik yaratmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə də, Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis kaptanı X1 tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmiş və bu səbəblərə görə həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-375/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-375/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver