Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-376/2025 13.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Valeh oğlunun iştirakları ilə xx.xx.1988-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, “X6” MMC-də dəmirçi işləyən, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 13 mart 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 12 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 12 mart 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Salyan Rayon Məhkəməsinin e-2(057)-1655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 5634,64 manat borcunu "xxxx" KB ASC-yə, Salyan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-552 №-li İcra qeydinə əsasən icra sənədi üzrə 7025 manat borcunu Zərərçəkmiş şəxs1 və Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-16297 №-li İcra qeydinə əsasən icra sənədi üzrə 1370.08 manat borcunu Zərərçəkmiş şəxs3 ASCyə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Şəxs Salyan Rayon Məhkəməsinin e-2(057)-1655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 5634,64 manat pulun tələbkar "xxxx" KB ASC-yə, Salyan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-552 №-li İcra qeydinə əsasən icra sənədi üzrə 7025 manat pulun tələbkar Zərərçəkmiş şəxs1 və Salyan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-16297 №-li İcra qeydinə əsasən icra sənədi üzrə 1370.08 manat məbləğində pulun tələbkar Zərərçəkmiş şəxs3 ASC-yə ödənilməlidir. Salyan Rayon Məhkəməsinin 3(057)-575/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs Zərərçəkmiş şəxs3 ASC-yə olan borcuna görə əmək haqqından tutulmalar olur. Borcundan 400 manat ödəmişdir. "xxxx" KB ASC-yə 50 manat ödənilmiş və 8i-552 №-li İcra qeydinə əsasən 600 manat məbləğində pul borcundan ödəmişdir. Hazırda borclunun əmək haqqından hər ay 400 manat məbləğində pul Zərərçəkmiş şəxs3 ASC tərəfindən tutulur. Həmin kredit borcu tam ödənildikdən sonra, digər icra sənədləri üzrə tutma əmək haqqına yönəldilə bilər. Hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, hazırda “X6” MMC-də dəmirçi işləyir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 ASC-yə olan borcuna görə tələb onun əmək haqqına yönəldilmişdir və hər ay əmək haqqından 400 manat pul tutulur. Digər icra sənədi üzrə tələbkar "xxxx" KB ASC-yə isə 50 manat ödəmişdir. Bundan sonra çalışacaq ki, borclarını ödəsin. Özü şəhid ailəsi üzvüdür. 19 mart 2025-ci il tarixdə 150 manat tələbkar Zərərçəkmiş şəxs1 ödəyəcəkdir. Digər icra sənədi üzrə tələbkar "xxxx" KB ASC-yə 100 manat ödəyəcəyinə söz verir. Borcunu tam ödəməməsinin səbəbi anasının xəstə olması, himayəsində iki azyaşlı uşaqlarının olması və özünün ailənin yeganə qazanc gətirəni olması olmuşdur. Ona görə də, köməklik göstərilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, 19 mart 2025-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs1 150 manat ödəyəcəkdir. Digər icra sənədi üzrə tələbkar "xxxx" KB ASC-yə 100 manat ödəyəcəyinə söz vermişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-552 №-li İcra qeydinə əsasən icra sənədi üzrə Şəxs 7025 manat pulu tələbkar Zərərçəkmiş şəxs1 verməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən borcluya xx.xx.2024-cü il tarixdə imza edilməklə təqdim edilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-16297 №-li İcra qeydinə əsasən icra sənədi üzrə Şəxs 1370 manat 08 qəpik məmləğində pulu tələbkar Zərərçəkmiş şəxs3 ASC-yə ödəməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-1655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 5634,64 manat borcunu "xxxx" KB ASCyə ödənilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-575/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Şəxs anası X1 adına verilmiş 014400 nömrəli “şəhid ailəsi üzvünün vəsiqənin surətindən görünür ki, Şəxs şəhid ailəsi üzvüdür. İş materiallarında olan Şəxs atası Valeh Muradovun adına verilmiş ******* nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs şəhid ailəsi üzvüdür. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru əsassız olaraq borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, borclu borclarını ödəməkdən imtina etmir. O əvvəllər işlədiyi “X8 Sanayi və Ticaret Anonim Şirkəti”nin işğaldan azad edilmiş ərazilərdə icra etdiyi işlər başa çatdığı üçün işindən azad edildiyi üçün borcunu ödəyə bilməmişdir. Hazırda “X6” MMC-də dəmirçi işləyir, hər bir icra sənədi üzrə hər ay 200 manat borcundan ödəyəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən tam ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-376/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-376/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver