Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-38/2024 31.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Füzuli rayonu Horadiz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Salyan rayonu Həsənli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 13 yanvar 2024-cü il tarixli, MN 1654612/28 nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində X1 məxsus “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban hissəsini ağac parçası ilə əzərək ona 100 manat məbləğində ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və həmin bölmənin 18 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və özgənin əmlakını qəsdən məhv etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Salyan RPŞ-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 13 yanvar 2024-cü il tarixli, MN 1654612/28 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmiş, həmin material 17 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla münasibəti pisdir. Buna baxmayaraq, aralarında düşmənçilik və ədavət olmamışdır. Seyfəddin ilə onların arasındakı mübahisəyə səbəb isə mülki mübahisədir. Ona görə də onların arasında dəfələrlə mübahisələr olmuşdur. Müraciətləri əsasında Salyan RPŞ-də və Salyan Rayon Məhkəməsində araşdırma aparılmışdır. 07 dekabr 2023cü il tarixdə axşamüstü saatlarında oğlu Yusif ona Seyfəddinin onu söyüb təhqir edərək avtomobilini üstünə sürdüyünü demişdir. Həmin vaxtı gec olduğu üçün yanında olan digər uşaqlardan soruşduqdan sonra bu barədə polisə şikayət edəcəyini bildirmişdir. 08 dekabr 2023-cü il tarixdə həmin uşaqlardan soruşan zaman Seyfəddinin söyüş söyərək onun üzərinə avtomobil sürdüyünü demişdir. 08 dekabr 2023-cü il tarixdə günorta saat 13 radələrində o, evinin qabağında ev quşlarını otarırmış. Bu zaman Seyfəddin avtomobili ilə həmin yerdən keçirmişdir. O, Seyfəddinə əl işarəsi edib avtomobilini saxlamasını demişdir. Lakin avtomobilini saxlamamışdır. Bu səbəbdən də o, əlində olan ağac parçası ilə avtomobilin qabağına vurub dayanmasını tələb etmişdir. Ondan sonra Seyfəddin avtomobilini saxlayıb onu söyməyə başlamışdır. O da Seyfəddinin cavabını vermişdir. Ondan sonra Seyfəddin oradan çıxıb getmişdir. Həmin vaxtdan bəri o, Seyfəddini görməmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Seyfəddinin avtomobilinin qabağına bir dəfə ağac parçası ilə vurmuşdur, həmin vaxtı tək olmuşdur, Rüstəm orada olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs və Rüstəm Məmmədov onun həmkəndliləri və qonşularıdır. Onlar ər-arvaddır. Onların münasibəti pis olmuşdur. Aralarında uzun müddətdir ki, mübahisələri vardır. Buna səbəb isə hər dəfəsində Elminazın barəsində şər və böhtan xarakterli məlumatlar deməsi, onun su yolunu bağlaması və digər səbəblər olmuşdur. Onların müraciətləri əsasında Salyan Rayon Polis Şöbəsində və Salyan Rayon Məhkəməsində araşdırma aparılmışdır. Buna baxmayaraq, Elminaz və əri Rüstəm öz qanunsuz hərəkətlərinə davam etmişdir. Son zamanlar isə onların mübahisələri azalmışdır. 07 dekabr 2023-cü il tarixdə günorta saat 17 radələrində o, nəvələrini məktəbdən idarə etdiyi “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evinə gətirmişdir. Həmin vaxtı kənd ərazisində avtomobil ilə hərəkətdə olan zaman Elminazın azyaşlı oğlu velosipedi yolun əzərində saxlayıb yanında durmuşdur. O, yolu keçə bilmədiyi üçün avtomobili saxlamışdır. Ona kənara keçməsini bildirmişdir. Elminaz da velosipedini kənara çəkmişdir. 08 dekabr 2023-cü il tarixdə günorta saat 13 radələrində o, nəvələrini məktəbə aparmaq üçün avtomobilinə əyləşmişdir. Kənd ərazisində hərəkət edən zaman Elminaz və əri Rustəm qabağını kəsmişdir. Elminaz əlində olan ağac parçası ilə avtomobilinin müxtəlif hissələrinə vurmağa başlamışdır. O da bu səbəbdən avtomobilini saxlamışdır. Elminaz ondan azyaşlı övladını niyə söydüyünü soruşmuşdur. O da Elminaza uşağını söymədiyini bildirmişdir. O, hərəkətinə davam etmişdir. Bu zaman Elminaz yenə də avtomobilinin ban və baqaj hissəsinə ağac parçası ilə vurmuşdur. Rüstəm də baqaja yumruqla vurmuşdur. Ondan sonra o, oradan çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə Elminaz onun avtomobilinə ağac parçası ilə vurub zədələməklə ona 300 manat maddi ziyan vurmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində X1 məxsus “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban hissəsini ağac parçası ilə əzərək ona 100 manat məbləğində ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. “İnam-93” kiçik müəssisəsi avtoservsinin müdiri Mehdi Əhmədovun 17 dekabr 2023-cü il tarixli, 101 saylı cavab məktubunda “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş maddi ziyanın qiymətinin 100 (bir yüz) manat hesablanması qeyd olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, “az miqdar” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin, hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-38/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-38/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver