Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-4/2025 06.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı X2 12 dekabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi”, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Salyan RPŞ-nin İTBnə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən MN № 1954134/1111 saylı, 28 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 06 yanvar 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhər sakini Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, protokol tərtib olunan zaman orada iştirak etmişdir. Təhqiqatçının qərarından şikayət etməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəldən tanıyır. Zərər çəkmiş şəxsə məxsus olan taxta sexini icarəyə götürərək işlədir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin taxta sexinə gəlmişdir. Həmin vaxt şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Mehdini döyməmiş, yalnız onu özündən kənarlaşdırma məqsədi ilə əli ilə itələmişdir. Özünü günahkar bilmir. Məhkəmə tərəfindən Şəxs zərər çəkmiş şəxsin və şahidin iştirakını təmin edilməsi məqsədi ilə məhkəmə iclasının növbəti günə təxirə salınması təklif edilsə də Şəxs təkliflə razılaşmayaraq xx.xx.2025-ci il tarixdə oğlunu müalicə olunmaq üçün Bakı şəhərində fəaliyyət göstərən “Ömür” klinikasına aparacağını bildirərək yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı X2 12 dekabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən MN № 1954134/1111 saylı, 28 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı X2 12 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Salyan şəhərində yaşayan Zərərçəkmiş şəxs Salyan RPŞ-nə yazdığı ərizə əsasında toplanmış material üzrə Salyan rayonu Arbatan kəndində yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilməsi və Salyan rayonu, Arbatan kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Rayon Polis Şöbəsinin X1 verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı X2 12 dekabr 2024-cü il tarixli raportundan görünür ki, Salyan şəhəri, Y.Zərgərli küçəsində yaşayan Zərərçəkmiş şəxs 22 noyabr 2024-cü il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırma zamanı Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhər sakini Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrılar yetirdiyi məlum olmuşdur. Toplanmış material üzrə Salyan rayonu Arbatan kəndində yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş və İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Rayon Polis Şöbəsinin X1 verilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 114, 115 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-4/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-4/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver