Məhkəmə qərarları › İş №3(057)-412/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-412/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-412/2024 29.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam təhsilli, evli, “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində armaturçu-betonçu işləyən, deməsinə görə hazırda öz hesabına məzuniyyətdə olan, taksi fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 29 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 29 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 29 aprel 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs öhdəsində olan 2880 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərdi ki, protokolu müdafiə edir. Tələbkar şikayətçidir. Borclu işləmədiyini deyərək, aliment borcunu ödəməyəcəyini bildirmişdir. Ona görə də, protokolun təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, tələbkar ilə bir evdə yaşayırlar. Uşaqların maddi ehtiyaclarını birlikdə ödəyirlər. Dörd aydır ki, məzuniyyətdədir. Qazancı olmadığı üçün aliment borcunu ödəyə bilmir. Əgər əmlak bölünərsə, ayrı yaşayarlarsa alimenti ödəyəcəyini bildirmişdir. Uşaqların fikrinin öyrənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, aliment borcunun ödənilməsini tələb edir. Borclunun hərdən evə pomidor və yumurta alması, ona və uşaqlara görə deyil, öz ehtiyaclarına görədir. Borclu aliment borcunu ödəmədiyi üçün uşaqlarını hazırlığa qoya bilmir. Uşaqlar atalarından qorxur. Ona görə də, uşaqların fikrinin məhkəmədə öyrənilməsini istəmir. Borclu aliment borcunu ödəməmək üçün məqsədli şəkildə işləmir. Hər dəfə borcunun olduğunu ona bildirir. Məhkəmə iclasında fikri öyrənilən xx.xx.2008-ci il təvəllüdlü X8 bildirmişdir ki, o valideynləri ilə birlikdə yaşayır. Maddi ehtiyaclarını valideynləri birlikdə ödəyir. Hazırlığa növbəti tədris ilindən gedəcəkdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçı Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment 04 avqust 2023-cü il tarixdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 314778/021 saylı xəbərdarlıq məktubundan görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1484/2023 saylı icra sənədinin icrasının təmin etməsi (borcun ödənilməsi) və 29 yanvar 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunur. Əks halda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati və CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi üçün məcburi icra tədbirləri keçiriləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli ərizənin ksero surətindən görünür ki, 2 uşağın saxlanılması üçün cəmi 320 manat Şəxs tutularaq ona verilməlidir. Bu günə qədər ona aliment ödəməmişdir. Sosial üçün ona çıxarış verilməsini və borclu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Şəxs X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində armaturçu-betonçu işləyir və aylıq 385 manat əmək haqqı alır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə, İcra sənədinin icra olunmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək tələbkara ödəməli ölduğu 2880 manat borcundan heç bir məbləğ ödəməmişdir. Borclu süni şəkildə borcun ödənməsindən yayınır və icra sənədini icra etməkdən aşkar surətdə boyun qaçırır. Digər tərəfdən, Şəxs icra sənədi üzrə borcu ödəmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs uzun müddət icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 29 aprel 2024-cü il tarixdə, saat 17:00-dan hesablansın, inzibati həbsin sonu 07 may 2024-cü il, saat 17:00-a hesab edilsin. Əzimov X6 RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar