Məhkəmə qərarları › İş №3(057)-414/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-414/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-414/2025 04.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Dadaşov Elçin Əmirxan oğlunun iştirakı ilə xx.xx.1979-cu ildə Salyan rayonu, Yenikənd kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan 19 mart 2025-ci il tarixli, MN № 1954347/100 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXMin 272.3-cü maddəsi ilə 19 mart 2025-ci il tarixli, MN № 1954347/100 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün 19 mart 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 19 mart 2025-ci il tarixli, MN № 1954347/100 saylı protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, Salyan rayonu, Xıdırlı kəndinin ərazisində, həmin kəndin ərazisindən keçən Şirvan kanalda 3,45 kiloqram, 23 ədəd bobla balığını (ekran) kustar üsulla hazırlanmış torla tutaraq ov qaydalarını pozmuşdur. Faktla bağlı Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 mart 2025-ci il tarixli qərarı əsasında, Salyan RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-in 272.3-cü maddəsi ilə 19 mart 2025-ci il tarixli, MN № 1954347/100 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 08 mart 2025-ci il tarixdə həvəskar kimi balıq tutmaq üçün Salyan rayonu, Xıdırlı kəndinin ərazisində keçən Şirvan kanala getmişdir. Orada (ekran) kustar üsulla hazırlanmış torla 23 ədəd bobla balığı tutmuşdur. Həmin vaxt orada Salyan RPŞ-nin əməkdaşları yaxınlaşaraq, onu və dişər şəxsləri Salyan RPŞ-nə gətirmişlər. İşsizdir, özünü təqsirli bilir. Əməlindən peşmandır. Göstərdiklərini nəzərə alaraq, ona aşağı məbləğdə cərimə edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. İXM-in 112.1.4-cü maddəsinə əsaslanaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasını rədd edilməsi, toplanmış material üzrə Şəxs İXM-in 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə araşdırması zamanı işin faktiki hallarında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ov etmək hüququ mövcud deyildir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas inzibati tənbeh kimi cərimə edilməsini məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar