Məhkəmə qərarları › İş №3(057)-416/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-416/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-416/2025 02.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Məmmədağa qızının iştirakları ilə xx.xx.1987-ci ildə Ucar rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan rayonu, Alçalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 01 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 01 aprel 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 2062/2024 saylı, 28 noyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4418 manat borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 protokolu müdafiə edərək, Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, borcundan 200 manat məbləğində pulu hissəhissə olmaqla tələbkara ödəmişdir. Bugün əlavə 2000 manat məbləğində pulu zərər çəkmiş şəxsə ödəmişdir. Tələbkar Zərərçəkmiş şəxs ilə aralarında olan razılığa əsasən qalan borcunu aprel ayının sonuna kimi ödəyəcəkdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs tələb olunan puldan xx.xx.2025-ci il tarixdə borcundan 2000 manat məbləğində ödəniş etmişdir. Qalan borcunu isə tələbkarla aralarında gəldikləri razılığa əsasən 2025-ci ilin aprel ayının sonuna kimi tam olaraq ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs ona olan borcunda 2000 manat ödəmiş, qalan borcunu isə aprel ayının sonuna kimi ona tam olaraq ödəyəcəyinə söz vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, icra vərəqəsi üzrə borclu Şəxs ona ödəməli olan borcundan xx.xx.2025-ci il tarixdə 2000 manat ödəmişdir. Onunla aralarında olan razılığa əsasən qalan borcunu 2025-ci ilin aprel ayının sonuna kimi ödəyəcəkdir. Göstərilənlərə əsasən, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-2062/2024 saylı, 28 noyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4552 manat pul və 66 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclu tərəfindən xx.xx.2025-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan 13 mart 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(057)-2062/2024 saylı icra sənədinin icrasını təmin etməsi və 01 aprel 2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks halda inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə sənəd tərtib edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatının ksero surətindən görünür ki, icra sənədi barədə xəbərdardır. Onkoloji xəstə olduğu üçün icra sənədi üzrə tələbi tam şəkildə icra edə bilməmişdir. İcra sənədi üzrə bu günədək 200 manat ödəniş etmişdir. Hər hansı bir əmlakı, rəsmi və qeyri-rəsmi iş yeri yoxdur. İcra sənədi üzrə borcu tam şəkildə deyil hər ay hissə-hissə icra edə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin zərər çəkmiş şəxsin izahat və ərizəsindən görünür ki, o da, borclunun maddi vəziyyətini nəzərə alaraq, borcunu tam ödəməməsinə etiraz etmir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 2(057)-2062/2024 saylı, 28 noyabr 2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar