Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-417/2025 11.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (yeni adı Prime Cotton) nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibatiXətalar Məcəlləsinin 234.0.2, 233.1 və 275.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəməyə daxil olmuş MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 11 fevral 2025-ci il tarixdə, saat 14:00-da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Prime Cotton) (bundan sonra - "xxxx" MMC) məxsus Salyan şəhəri, T.Davudzadə küçəsində fəaliyyət göstərən Pambıq emalı zavodunun iş prosessi zamanı toz hissəciklərinin və səs-küyün qatılıq həddindən artıq olması faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 234.0.2, 233.1 və 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən "xxxx" MMC barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Prime Cotton) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş, inzibati xəta haqqında iş materialı Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 3(057)-417/2025 nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 bildirmişdir ki, MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən qanunvericiliyin müddəaları pozulmaqla tərtib edilmişdir. Sözügedən idarənin əməkdaşları "xxxx" MMC barəsində xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə aktlar tərtib etsələr də, inzibati xəta haqqında protokolu xx.xx.2025-ci il tarixdə tərtib etməklə qanunvericiliyi pozmuşlar. Belə ki, qanuna əsasən inzibati araşdırma 1 ay müddətində aparılmalıdır, əgər bu müddəti aşarsa müvafiq qərardad qəbul edilməlidir, lakin cavabdeh təşkilat bu tələbə əməl etməmişdir. Aktların yazıldığı vaxtdan xeyli vaxt keçdikdən sonra protokol tərtib edilmişdir. Bundan başqa, tərtib edilmiş protokol da əssassızdır. Cavabdeh təşkilatın apardığı monitorinq nəticələri ilə razılaşmır. Belə ki, həmin yoxlamaların məhz "xxxx" MMC-nin yaxınlığında aparılması ilə bağlı heç bir sübut yoxdur, ölçmələrin aparılmasında hansı xüsusi texniki vasitələrdən istifadə olunması ilə bağlı heç bir məlumat göstərilməyib, həmçinin yoxlamalarda Cəmiyyətin nümayəndəsinin iştirakı təmin eidlməmişdir. "xxxx" MMC müasir avadanlıqlarla təchiz olunmuş, həmçinin qanunvericiliyin normalarına riayət etməklə fəaliyyət göstərir. "xxxx" MMC tərəfindən Şəxsnın ərazisində və ətrafında monitorinq işləri aparılmış, həmin monitorinqlərin nəticələrinə əsasən, ərazidə təyin edilmiş qaz qarışıqları və dispers toz hissəciklərinin miqdarı, həmçinin radiasiya fonu, səs-küy və vibrasiya səviyyələri yol verilən norma daxilindədir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.2, 233.1, 275.2--ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli, 88889 nömrəli aktda qeyd edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar Xətt” xidmətinə daxil olan şikayət əsasında (İD: 27644) araşdırma aparılarkən Mərkəzdə pambıq zavodu işləyir. Toz-torpaq və səs narahat edir məzmunda şikayət etmişdir. Qeyd olunan şikayətlə bağlı şikayətçi Vüsal Səmədovla əlaqə saxlayaraq onu araşdırmaya dəvət etmişlər. Telefon əlaqəsi zamanı şikayətçi Vüsal Səmədov onlara bildirmişdir ki, yaşadıqları ev pambıq təmizləmə zavodunun yaxınlığında yerləşir. Zavodun iş prosesi zamanı ətrafa yayılan toz-torpaq, səs-küy onları narahat edir. Hazırda işdə olması səbəbindən araşdırmada iştirak edə bilməyəcəkdir. Xahişi ondan ibarətdir ki, toztorpağın, səs-küyün qarşısı alınsın, ölçmə işləri onun iştirakı ilə aparılsın. Bununla əlaqədar araşdırma zərurəti yarandığından sözügedən pambıq təmizləmə zavodunun iş prosesi zamanı ətraf mühitə atılan tullantıların, səs-küyün və vibrasiyanın ölçülməsinə zərurət yaranmışdır. Qeyd edirlər ki, sözügedən pambıq təmizləmə zavodu "xxxx" MMCyə məxsusdur. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş 11 fevral 2025-ci il tarixli, 002900 nömrəli aktda qeyd edilmişdir ki, monitorinq müddətində "xxxx" MMC-yə məxsus pambıq emalı zavodu fəaliyyətdə olan zaman şikayətçini evinin ətraf ərazisində atmosfer havasına atılan toz hissəciklərinin miqdarını və səs-küy səviyyəsini təyin etmək məqsədi ilə BOSEAN və PEC-322A səyyar cihazları vasitəsilə analiz ölçmə işləri aparılmışdır. Nəticələrə əssən ətraf mühitə yayılan toz hissəciklərinin miqdarı PM2.5 - 68kq/m3 (norma: 25 mkq/m3), PM10-78kq/m3 (norma: 50 mkq/m3), səs-küy səviyyəsi 71.4 dBa (norma: 60,0 dBa) təşkil edərək, ətraf mühit üçün yol verilən qatılıq həddi daxilindən atrıq olması müəyyən edilmişdir. Həmin akta fotoşəkilləri əlavə olunmuşdur. Lakin ölçmənin harada aparılması və nəticəsi həmin fotoşəkillərdə öz əksini tapmır və ya aydın görülmür. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, ölçmə cihazlarının ekranlarında müxtəlif rəqəmlər yazılmışdır. Həmin fotoların hansı qurğuya aid olması və harada çəkilməsi müəyyən edilə bilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış keçirilərkən mişar daşından divar şəkili görünür. Həmin divarın "xxxx" MMC-yə məxsus olması bilinmir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdrəsinin əməkdaşlarının birgə keçirdikləri manitorinq zamanı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə aktlar tərtib edilmişdir. Bundan "xxxx" MMC-nin məlumatı olmamışdır. Halbuki, tərtib edilmiş aktdan sonra 48 saat müddətində inzibati xəta haqqında protokol tərtib olunmalı idi. Protokol isə mart ayında tərtib olunmuşdur. Protokol tərtib edilərkən onların nümayəndəsi dəvət edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Şəxsnın ərazisində və ətrafında aparılmış monitorinq işlərinə dair məlumatdan görünür ki, 2024-cü ildə Şəxsnın nəzdində olan filialların ərazilərində və ətrafında olan "xxxx" MMC-nin Tekstil İdarəsi, "xxxx" MMC-nin “MKT-Ağcabədi”, "xxxx" MMC-nin “MKT-Bərdə”, "xxxx" MMC-nin “MKT- Beyləqan”, "xxxx" MMC-nin “MKT-Biləsuvar”, "xxxx" MMC-nin “MKT-İmişli”, "xxxx" MMCnin “MKT-Neftçala”, "xxxx" MMC-nin “MKT-Saatlı”, "xxxx" MMC-nin “MKT-Sabirabad”, "xxxx" MMC-nin “MKT-Salyan”, "xxxx" MMC-nin Şirvan “Yağ-Piy” və "xxxx" MMC-nin “MKT-Zərdab” filiallarında monitorinq həyata keçirilmişdir. Monitorinq işləri Səyyar Laboratoriya vasitəsilə və portativ cihazla atmosfer havasında PM2.5, PM10, azot 4-oksid (NO2), Ammonyak (NH3), dəm qazı (CO), Hidrogen sulfid (H2S) və Kükürd qazı (SO2), həmçinin portativ cihazla radiasiya fonu, səs-küy və vibrasiya səviyyəsi üzrə aparılmışdır. Qeyd olunan hallar materialra əlavə edilmiş fotoşəkillərdən də görünür. Əldə olunan nəticələrə əsasən demək olar ki, ərazidə təyin edilmiş qaz qarışıqları və dispers toz hissəciklərinin miqdarı, həmçinin radiasiya fonu, səs-küy və vibrasiya səviyyələri yol verilən norma daxilindədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; İXM-in 233.1-ci maddələrinə əsasən, ətraf mühütə atılan, axıdılan və ya. basdırılan zərərli maddələrin, miqdarının yol verilə bilən normativlərdən, artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxsləri on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 234.0.2-ci maddəsinə əsasən, atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına görə - fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta hadisəsinin, əməldə inzibati xəta tərkibinin, eləcədə təqsirin olub-olmamasını yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Həmin protokola əlavə edilmiş sübutlar ziddiyyətlidir. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, həmin zidiyyətin səbəbini müəyyən etmək mümkün olmamışdır. Həmçinin səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı mötəbər sübut da təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Prime cotton) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.2, 233.1, 275.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Prime cotton) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.2, 233.1, 275.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Salyan Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-417/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-417/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver