Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-418/2025 04.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Kia Optima minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-nin Yol-Patrul Xidməti inspektorları tərəfindən saxlanılmış, araşdırma zamanı onun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi aşkar edilmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı İXM-in 329.1 və 333.1- ci maddələri ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-418/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan Şəxs apelyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(057)-418/2025 nömrəli qərarının ləğv edilməsini, Salyan YPX inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Salyan Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(057)-418/2025 saylı qərarı ləğv edilmiş, işin həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması və inzibati xətaya dair material yenidən baxılması üçün Salyan Rayon Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəxs tibbi müayinəyə göndərməli olduğu halda bunu etməmiş, sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu halda isə Şəxs sərxoşluqla bağlı test nəticələri ilə razılaşmadığından və tibbi müayinəyə göndərilmədiyindən, bu, onun təqsirli olmasına dair sübutların qanuniliyini şühbə altına alır. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tibbi müayinənin nəticəsi olmadan yalnız alkotesterin nəticəsinə əsaslanaraq qərar vermək hüquqi baxımdan yetərsiz sayılır və inzibati xəta haqqında protokol tərtib edən şəxsin Şəxs tibbi müayinəyə göndərmə öhdəliyini yerinə yetirməməsi İXM-in 96.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Kia Optima minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri istiqamətində hərəkətdə olan zaman Salyan RPŞ-nin DYPB-nin Yol-Patrul Xidməti inspektorları tərəfindən saxlanılmışdır. Həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsində arvadı X1 arxa oturacaqda sərnişin kimi əyləşmişdir. Arvadını müalicə üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına aparırmış. Yol-Patrul Xidməti inspektoru ona yaxınlaşaraq təhlükəsizlik kəmərini vurmamasını bildirmişdir. Oda öz növbəsində təhlükəsizlik kəmərini vurduğunu demişdir. Eyni zamanda ona sərxoş olduğunu bildirərək, Yol-Patrul Xidməti nəqliyyat vasitəsinə əyləşdirərək, qapıları bağlamışlar. Polis əməkdaşlarına nəqliyyat vasitəsində arvadının olduğunu və ona deməsini və sonra onlarla getməsini bildirmişdir. Polislərə sərxoş olmadığını, bir neçə gün əvvəl içki içdiyini bildirərək, həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Onu Salyan rayon PŞ-nin inzibati binasının həyətinə gətirərək orada “Alkotester”ə üflətmişlər və bu barədə yazdıqları sənədə də, imza etdirmişlər. O, avtomobilini sərxoş vəziyyətdə idarə etməmiş, buna görə də alkotesterdə göstərilən miqdarla razı olmamışdır. Bu səbəbdən həmin gün tibbi müayinədən keçmək üçün dəfələrlə 102-yə zəng etmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona cavab olaraq bildirmişlər ki, yalnız polisin məktubu əsasında sərxoşluğun müayinəsi üçün həkimdən keçmək olar. Onu həkim müayinəsindən keçirməmişlər. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Salyan Rayon Poliş Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati materialda olan sənədləri nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş; Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor-AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 10:21-də çap edilmiş qəbzdən görünür ki, qəbzdə boş test 0.00 %, alkoqol tərkibi 0.329 promilli olmuşdur. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs Ölçmə vasitələrinin yoxlanılması haqqında R№ 007030, ÖVY№181174 nömrəli şəhadətnamənin surətindən görünür ki, zavod nömrəsi 342624 nömrəli, ACEZ serialı, Alkometr ölçmə vasitəsi xx.xx.2025-ci il tarixdə yoxlanılmışdır. Bütün ölçmələr “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin milli etalonları ilə realaşdırılan Beynəlxalq Sistemin (Sİ) uyğun vahidləri ilə izlənilir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Şəxs “Kia Optima minik” markalı, 77- PV-131 dövlət qeydiyyat nişanlı avtomobili YPXT-nin inspektoru tərəfindən yoxlanılaraq qəbul edilmişdir. BC 903060 saylı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə video görüntü əks olunan təqdim etdiyi bir ədəd CD-yə baxış keçirilən zaman CD-də olan birinci qovluga baxış keçirilərkən Əyyarın üzünü arvadı Güləxanıma tutaraq onu müayinə üçün xəstəxana tərəfindən qəbul edilmədiyini bildirir. Həmin CD-də olan ikinci qovluğa baxış keçirilərkən müəyyən olunur ki, ağ rəngli avtomobil dayanacaqdadır, markası və dövlət nömrə nişanını müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında Salyan rayon Yol Patrul xidməti inspektoru polis baş serjantı X2 təqdim etdiyi bir ədəd CD və bir ədəd yaddaş kartına baxış keçirilərkən Salyan rayon Yol Patrul xidməti inspektorları tərəfindən sürücünün saxlanılmasını, onun Alcovisor-AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməsini, “Kia Optima minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini və bu barədə inzibati xəta haqqında protokol tərtib edilməsini əks etdirən video görüntülərin əks olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Həmin Maddənin 2-ci hissəsinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Həmin Maddənin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 100.1, 100.1.6, 100.1.8-ci maddələrinə əsasən, inzibati xəta haqqında protokolda, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı Qərarı ilə təsdiq edilmiş «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları»nın 2.1, 2.1.1-2.1.3-cü bəndlərinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; ayaq üstə sərbəst dayana bilmədikdə; özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı (indiki 96-cı) maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən ədalətli məhkəmə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Şəxs barəsində Salyan RPŞ tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallarda həmin şəxsin ona istinad olunan inzibati xətanı törətməsi, yəni onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi barədə alkotesterdən başqa digər hər hansı sübut əldə olunmamışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəxs tibbi müayinəyə göndərməli olduğu halda bunu etməmiş, sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu halda isə Şəxs sərxoşluqla bağlı test nəticələri ilə razılaşmadığından və tibbi müayinəyə göndərilmədiyindən, bu, onun təqsirli olmasına dair sübutların qanuniliyini şühbə altına alır. Şəxs saxlanıldıqdan sonra alkotester müayinəsinin nəticəsinə əsasən onun sərxoş vəziyyətdə olmasının müəyyən edilməsi isə onun həqiqətən də, avtomobili sərxoş vəziyyətdə idarə etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Onun təqsirli olmasını təsdiq edən digər hər hansı sübut isə yoxdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, tibbi müayinənin nəticəsi olmadan yalnız alkotesterin nəticəsinə əsaslanaraq qərar vermək hüquqi baxımdan yetərsiz sayılır. Bununla da, Şəxs ona istinad olunan Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və onun əməlində məhz həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olması sübuta yetirilmədiyindən onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-418/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-418/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver